Press "Enter" to skip to content

“Təsviri sənətə səyahət”

Son yeniləmə: 26 Aprel 2022 10:37

Bayraqdar.info – Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə aprelin 29-da “Four Seasons Hotel Baku”da “Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi təşkil ediləcək.

Nazirlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sərginin təşkilində başlıca məqsəd gənc istedadlara maddi və mənəvi dəstəyin göstərilməsi, onların yaradıcılığının geniş ictimaiyyətə təqdim edilməsidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçiriləcək.

“Satiş-sərgi Azərbaycanın yerli koloriti və milli tarixi ənənələrini müasir mədəniyyət ilə vəhdət yaradaraq, yerli auditoriya ilə yanaşı, həm də ölkəmizə gələn turistlərin mədəni istirahəti üçün şərait yaradacaq.

““Təsviri sənətə səyahət” adlı satış-sərgi istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək”, – deyə xəbərdə qeyd edilib.

Nazirlikdən o da bildirilib ki, layihə həmçinin ölkədə yaradıcı insanların fəaliyyətinin inkişaf etdirilməsi, dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsi, həmçinin rəssamların sosial vəziyyətinin yaxşılaşdırmasına töhfə verəcəkdir. Tədbirdə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunacaqdır. Sərgi 30 aprel 2022-ci il tarixinədək davam edəcək.

Mission News Theme by Compete Themes.