Press "Enter" to skip to content

Kənd qadınlarının daha fəal olması üçün təqdirəlayiq təşəbbüs

Soldan: Vladanka Andreyeva, Gülbəniz Qənbərova və Şəmsiyyə Mustafayeva

Bayraqdar.info – 2018-ci ildən bəri ölkədə yayılmağa başlayan və Azərbaycan kəndlərində pozitiv dalğaya çevrilən Qadın Özünə-kömək Qruplarının üzvləri maraqlı təşəbbüsləri və modern çağırışları ilə diqqət çəkməkdədir. Kənd qadınlarının qısa müddətdə əldə etdiyi biznes uğurları, həyatlarını yenidən qurma bacarıqları, qadına şiddətə qarşı güclərini birləşdirmələri, ictimai həyatda böyük nüfuz qazanmaları BMT-nin Azərbaycandakı ofisinin də diqqətini cəlb edib.

Bu sözlər Azərbaycan Kənd Qadınları Assosiasiyasından (AKQA) aprelin 26-da bayraqdar.info-ya daxil olan xəbərdəndir.

Xəbərdə daha sonra deyilir ki, “qadın özünə-kömək modelinin yerli inkişafı ilə maraqlanan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Assosiasiyanın sədri Gülbəniz Qənbərovanı qəbul edib. AKQA rəhbəri modelin kənd qadınlarının həyatına gətirdiyi müsbət dəyişikliklər, kollektiv biznesin uğuru, qadın inkişaf və müəssisə qruplarının böyüyərək hüquqi status almaqla qadın kooperativlərinə çevrilməsi prosesində Assosiasiyanın rolundan danışıb”.

“BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin müşaviri Şəmsiyyə Mustafayevanın da iştirakı ilə reallaşan görüşdə qeyd olunub ki, kənd qadınları regionların sosial və iqtisadi inkişafı üçün gizli və olduqca güclü potensialdır. Bunu təbliğ etmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək və qadınların resurslara çıxışını asanlaşdırmaq onlar üçün təməl ehtiyacdır. AKQA-nın “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kampaniyasına başlaması da bu baxımdan təqdirəlayiq addımdır”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, V.Andreyeva sözügedən sahədə məsləhətlər verərək yaxın zamanda regionlara səfər edib qadın qruplarına baş çəkmək fikrində olduğunu bildirib.

Sonda G.Qənbərova Assosiasiyanın rəmzi şərflərini və nişanları BMT əməkdaşlarına hədiyyə edib.

Mission News Theme by Compete Themes.