Son yeniləmə: 26 Aprel 2022 21:48
Bayraqdar.info – Bolqarıstanın Baş naziri Kiril Petkov bir aylıq maaşını Ukraynaya bağışlayıb. O, bu addımı Ukraynaya silah alınması üçün atdığını bəyan edib.
Baş nazir yardımla bağlı bank çekinin surətini də sosial media hesabından paylaşıb. K.Petkov “Söz söyləmək asan, iş görmək çətindir. Sosial mediadakı cəsur paylaşımlar artıq Ukraynaya gerçək dəstəyə çevrilməlidir”, – deyib.
Baş nazir Ukraynaya silah alınması üçün yardım etmək istəyən Bolqarıstan vətəndaşlarını ondan nümunə götürməyə səsləyib.
Kırım Haber Ajansı xəbər verir ki, hazırda Bolqarıstan hökumətində Ukrayna məsələsinə görə gərginlik hökm sürür. Daha doğrusu, Ukryanaya silah satılması məsələsi hökumətdə parçalanmaya yol açıb.
Belə ki, 4 partiyalı koalisiya hökumətində təmsil olunan Rusiya yönümlü Bolqarıstan Sosialist Partiyası (BSP) Ukraynaya silah göndərilməsinə qarşı çıxır. Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxan Baş nazirin müavini və iqtisadiyyat naziri, BSP lideri Kornelia Ninova Ukraynaya bircə bolqar gülləsi göndəriləcəyi təqdirdə koalisiyadan çıxacaqlarını açıqlayıb.