Son yeniləmə: 26 Aprel 2022 15:27
Bayraqdar.info – İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin “Avro-2022”də rəqibləri bəlli olub.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığmamız Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcəklər. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
Qeyd edilib ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.