Press "Enter" to skip to content

Ukrayna qadınlarının qapısını döyən fəlakət

Nadir Azəri

Son yeniləmə: 25 Aprel 2022 20:22

Yaxud, nə qədər acı olsa da daha bir ehtimalımız öz təsdiqini tapır

Bayraqdar.info – “Qeyd edildiyi kimi, bu gün Ukraynadan qaçqın düşənlərin böyük əksəriyyəti qadınlar və uşaqlardır. Bu isə Ukraynadan olan zərif cinsin nümayəndələrinin gələcəkdə daha dəhşətli bəlalara düçar ola biləcəyi təhlükəsindən xəbər verir. Nə qədər acı olsa da biz yaxın bir neçə ildən sonra BMT-nin, digər beynəlxalq qurumların hesabatlarında bir ucu Ukraynaya bağlı olan dəhşətli statistikalara rast gələ bilərik. Böyük ehtimalla həmin hesabatlarda “Dünyada orqan mafiyasının gəlirləri son illər ərzində daha da artıb ki, burada da Ukraynada olaylar nəticəsində qaçqın düşən, yaxud oğurlanan uşaqlar mühüm rol oynayıb”, yaxud da “Dünyada qadınların cinsi istismara məruz qalması vasitəsilə qazanc əldə edən şəbəkələrin qazancı artıb” kimi məlumatlar öz əksini tapacaq”.

Bu parça 2022-ci il martın 8-də işıq üzü görmüş “Vəhşi Qərb və zərif cinsin nümayəndələri” başlıqlı köşəmizdən götürülüb.

Vəhşi Qərb və zərif cinsin nümayəndələri

Həmin yazımızda onu da qeyd etmişdik ki, Ukrayna-Rusiya müharibəsinin baş verməsində beynəlxalq orqan mafiyasının, yaxud da qadınların zorla cinsi istismara məruz qoyulması ilə milyonlar qazanan iyrənc şəbəkənin də rolunun olduğu şübhə doğurmur: “Görünən odur ki, bir zamanlar Suriya, İraq, Liviyada tətbiq etdikləri “daha çox müharibə daha çox başsız qalmış qadın və qız, daha çox ələ keçirilə bilinəcək kimsəsiz uşaq deməkdir” prinsipini indi də Ukraynada tətbiq edirlər”.

Beləliklə, nə qədər acınacaqlı olsa da bizim ehtimallarımız öz təsdiqini tapdı. Ən dəhşətlisi isə odur ki, bunun təsdiqi üçün heç də bir neçə il gözləmək lazım gəlmədi. Rusiyanın Ukraynaya hücumunun ikinci ayında artıq ortada qara və çirkli prosesləri ehtiva edən rəqəmlər, faktlar var.

Hər halda qardaş Türkiyənin tanınmış köşə yazarlarından Özey Şendirin 17 aprel tarixində Milliyet-də dərc edilən yazısındakı faktlar deyilənləri təsdiq edir. “Akbabalar Ukraynalı kadın avında” adlı köşə yazısında müharibə başlayandan bəri insan alverinin qurbanına çevrilən ukraynalı qadınlardan nümunə gətirilir. Qeyd edilir ki, “insan ovçuları” hazırda çoxlu sayda ukraynalı qadının sığındığı Polşa-Ukrayna sərhədində fəaliyyətə keçiblər. Hətta İtaliyadan bu məqsədlə gelmiş üç alverçinin tutularaq polisə təhvil verildiyi də vurğulanır.

Yazının aşağıda sitat gətirdiyimiz bölümü isə daha vahiməlidir: “İnterpolun məlumatına görə, AB və Balkan ölkələrində insan alveri sektorunda işləyən qadınlar arasında ukraynalı qadınlar ilk sıralardadır. Birinci yerdə nigeriyalı qadınlardır. Onlardan sonra Albaniya və Rumıniyadan, daha sonra isə Ukraynadan olan qadınlar gəlir. İnsan alveri sektorunu işçilərlə təmin edən cinayətkar qruplar daha çox Rumıniya və Polşada yerləşir. Polşa və Rumıniya hazırda ən çox ukraynalı qadının sığındığı iki ölkədir. Bu isə insan alverçiləri üçün hədəfə ala biləcəkləri milyonlarla insan deməkdir”.

Ümumiyyətlə, yuxarıda bəhs etdiyimiz yazıda göstərilən faktlar “Ukraynadan olan zərif cinsin nümayəndələrinin gələcəkdə daha dəhşətli bəlalara düçar ola biləcəyi”nə dair narahatlığımızın əsassız olmadığını təsdiqləyir. Lakin təkcə bu deyil, uşaqlarla bağlı ehtimallarımz da öz təsdiqini tapmaqdadır. Yenə də yazıdan bir sitata diqqət yetirək: “Təkcə qadın alveri sənayesi deyil, uşaq ovçuları da iş başındadır. Suriyadakı vətəndaş müharibəsi və köç dalğası zamanı dünya 10 minə yaxın suriyalı uşağın izini itirib. Yenə eynisi oldu. Avropadakı 24 uşaq müdafiə təşkilatının birləşdiyi İtkin Uşaqlar Avropanın Baş katibi Aagje İeven bu yaxınlarda “izini itirdiyimiz çoxlu uşaq var” açıqlamasını verdi. Bu uşaqların heç olmasa bir hissəsi uşaqsız Avropa ailələrinə satılacaq. Bəlkə də mavi gözlü olmaları onların daha da baha satılmasına səbəb olacaq”.

Əlbəttə bu, necə deyərlər, ukraynalı uşaqları gözləyən bir qədər yaxşı təhlükədir. Ən azından ailələrə satılacaq uşaqlar həyatda sağ qalacaqlar.

Amma bir də məsələnin daha təhlükəli, fəlakətli tərəfi var: orqan mafiyası. Yəni bu oğurlanan ukraynalı uşaqların bir qismi orqan mafiyasının əlinə keçəcək ki, onları da hansı taleyin gözləyəcəyi hər kəsə bəllidir.

Bir sözlə, mənzərə bütün çılpaqlığı ilə ortadadır. Öz qadınlarının və uşaqlarının gələcəkdə bu bəlalara düçar olmasını istəməyən xalqlar dövlətlərinin ətrafında da sıx birləşməli, imperialist güclərin milli dövlətləri çirkin oyunların qurbanına çevirmələrinə yol verməməlidirlər. Hə, o başqa məsələdir ki, Ukraynadakı qadın və uşaqlar Rusiyanın bu ölkəyə işğalçı hücumunun nəticəsində öz isti ocaqlarından didərgin düşüblər. Ancaq unutmayaq ki, məsələnin bu həddə çatmasında işğalçı Rusiya ilə yanaşı vəhşi Qərbin də rolu yox deyil. Məhz Qərb imperialistləri öz çirkin məqsədləri naminə quzunu ayının qabağına atırmış kimi Ukraynanı Rusiyanın qarşısına atdılar.

Mission News Theme by Compete Themes.