Son yeniləmə: 25 Aprel 2022 10:44
Bayraqdar.info – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Zərdab Rayon Məhkəməsinin böyük məsləhətçisi işləmiş Elçin Səmədov haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq istintaq aparılıb.
Bu barədə bayraqdar.info-ya aprelin 25-də Baş Prokurlorluqdan məlumat daxil olub. Məlumatda bildirilir ki, istintaq E.Səmədovun vəzifədə işləyərkən özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim etdiyi məlum olub. E.Səmədov yaratdığı inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verərək 2021-ci ilin may ayında xidməti otağında 5 min manat pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, E.Səmədovun həmin hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə də şübhə yaranıb.
Prokurorluq qeyd edir ki, iş üzrə toplanmış sübutlar əsasında E.Səmədova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İstintaq zamanı cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsi təmin edilib.