Press "Enter" to skip to content

İpəkqurdu saxlanılacaq kümxanalarda dezinfeksiya işləri

Kümxanalarda dezinfeksiya

Son yeniləmə: 25 Aprel 2022 09:46

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin mütəxəssisləri Respublikanın barama təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib. Məlumatda deyilir ki, 336 kümçüyə məxsus 52 min 524 m2 ipəkqurdunun saxlama yerlərində – kümxanalarda dezinfeksiya həyata keçirilib.

“Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılır. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir. Dezinfeksiya 4% formalin dərman maddəsinin məhlulundan istifadə edilməklə həyata keçirilib.

“Baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün AXA tərəfindən dezinfeksiya tədbirləri ilə yanaşı, ipəkqurdunun bəslənilməsi ilə bağlı da fermerlərə, kümçülərə müvafiq məsləhət və tövsiyələr verilir. Eləcə də, zərərvericilərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Bildirilir ki, zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.

“Zərərvericilərə qarşı aparılan tədbirlər həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (xüsusi geyim forması – kombinezon, maska, xüsusi ayaqqabı, əlcəklər, eynəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.