Son yeniləmə: 25 Aprel 2022 13:22
Bayraqdar.info – 2022-ci il görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin 140 illik yubileyi tamam olur. Görkəmli Azərbaycan dramaturqu H.Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq M.F.Axundov adına Milli Kitabxananın əməkdaşları “Hüseyn Cavid” mövzusunda virtual sərgi hazırlayıb.
Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, virtual sərgidə dahi şəxsiyyətin müəllifi olduğu kitablar, fotolar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
“Qeyd edək ki, Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan milli romantik şeirin və mənzum faciənin banisi, filosof-şair və istedadlı dramaturq H.Cavid ictimai fikir tarixində böyük rol oynayıb. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş H.Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, H.Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.
“Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparıb, xalqını, millətini xoşbəxt görmək üçün qələm çalışıb. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçün də azad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir.
“Milli poeziyada fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış H.Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub”, – deyə Kitabxnanın xəbərində deyilir.