Son yeniləmə: 25 Aprel 2022 14:43
Naqif Həmzəyev: Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan tarixini dərindən öyrənməli və gələcək nəsillərə ötürməlidirlər
Bayraqdar.info – “Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan tarixini dərindən öyrənməli və gələcək nəsillərə ötürməlidirlər. Həmçinin, soydaşlarımız yaşadıqları ölkədəki dostlarına da Azərbaycan həqiqətlərini təqlin etməli, ölkəmizin mədəniyyəti və tarixi ilə bağlı məqamların dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalıdırlar”.
Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışında bu məqama xüsusi olaraq toxunub. O, dövlət başçısının bu məqama toxunmasının heç də təsadüfi olmadığını deyib: “Biz umutmamalıyıq ki, Azərbaycan çox qədim tarixə malikdir. Ancaq təəssüflər olsun ki, son iki əsr boyunca Azərbaycanın başına çox müsibətlər gətirilib, Vətənimizə və xalqımıza qarşı hərbi təcavüzlər, çoxsaylı soyqırımı aktları törədilib. Biz son iki əsr boyu torpaqlarımızı itirə-itirə gəlmişik və bu mənfi tendensiyaya 2020-ci ilin 44 günlük Vətən müharibəsində son qoyuldu. Həmin müharibədə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfər qazandı. Beləliklə, bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib”.
N.Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsində dünyanın hər bir yerində yaşayan soydaşlarımız Azərbaycanın haqq savaşına öz dəstəklərini verdilər: “Bu gündən sonra da biz başımıza gətirilmiş müsibətləri qətiyyən unutmamalı, gələcək nəsillərə də bu tarixi çatdırmalıyıq. Bu baxımdan cənab Prezidentin sözügedən məqamla bağlı fikirləri mühüm əhəmiyyət kəsb edir. O mənada ki, xaricdə yaşayan və həmin ölkələrin vətəndaşları olan azərbaycanlılar Azərbaycan həqiqətlərini təbliğ edərkən daha çox nəticə verir. Çünki onlar məhz həmin ölkənin vətəndaşlarıdır və həqiqətlərin onların dilindən çatdırılması daha təsirli olur. Yəni o ölkələrin cəmiyyətləri də oranın vətəndaşları olan azərbaycanlılar tərəfindən çatdırılan həqiqətləri daha səmimi şəkildə qəbul edirlər. Bu baxımdan necə ki, Azərbaycan dövləti dünyanın müxtəlif yerlərində yaşayan hər bir azərbaycanlıya öz dəstəyini əsirgəmir, onların maraqlarını qoruyur, dünya azərbaycanlıları da İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, bu tarixin təbliği üçün eyni fədakarlığı göstərməlidirlər”.