Press "Enter" to skip to content

Fevralda 167 qazi Türkiyəyə müalicəyə göndərilib

Son yeniləmə: 25 Aprel 2022 13:56

Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazi qardaş Türkiyəyə göndərilib.

Bu barədə bayraqdar.info-ya aprelin 25-də sözügedən qurumdan məlumat verilib.

Bildirilib ki, onlardan 132-si sağalaraq Vətənə qayıdıb, 35 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir. Ümumilikdə Türkiyədəki müalicələrə Fondun büdcəsindən 12 milyon manatdan artıq vəsait xərclənib. Hazırda Türkiyədə müalicə alan 35 qazi üçün Fondun büdcəsindən 6 milyon manatdan artıq vəsait xərclənib.

Məlumatda xatırladılır ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarından ibarət tibbi komissiyanın Türkiyəyə səfəri təşkil olunub və orada müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib. Müalicə prosesində qazilərlə birlikdə 1 nəfər ailə üzvü də Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir. Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara bir nəfər baxıcı təhkim olunur.

Qeyd edilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır: “Bura təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və otel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər ay qazilərimizə 200 dollar xərclik təqdim olunur. Qazilərimizin tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib”.

“Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncəki kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa heç bir səbəb yoxdur, – deyə, daha sonra qeyd edilib.

Mission News Theme by Compete Themes.