Son yeniləmə: 25 Aprel 2022 14:47
Emin Həsənli: Bu məsələdə diaspor təşkilatlarımızla yanaşı mətbuatın və qeyri-hökumət təşkilatlarının da üzərinə böyük iş düşür
Bayraqdar.info – “Hər bir millətin milli mövcudluğu üçün vacib olan bir neçə amil var. Bunun birincisi dildir. Ümummilli lider Heydər Əliyev də hər zaman Azərbaycan dilinə xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Azərbaycan dilinin qorunması və gənclərin ana dilimizi yaxşı bilməsi üçün davamlı addımlar atıb. Xalqımızın Ümummilli lideri dünya azərbaycanlıları ilə görüşlərində də diqqəti bu vacib məsələyə yönəldib, xaricdəki soydaşlarımızın öz ana dillərini unutmaması üçün dəyərli tövsiyələrini verib”.
Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahədə də Ulu öndər tərəfindən əsası qoylan siyasəti uğurla davam etdirir: “Bəlli olduğu kimi, cənab Prezident İlham Əliyev dilimizə hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan dilində ən səlis danışan, bu zaman başqa dillərdən sözlər işlətməyən cənab Prezident bu sahədə hər bir azərbaycanlıya örnəkdir”.
E.Həsənli deyib ki, dilə diqqət və qayğı baxımından Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı da xüsusilə yaddaqalan oldu: “Öncə onu deyim ki, Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin, o cümlədən cənab İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının qələbəsinin təntənəsidir. Bəlli olduğu kimi cənab Prezident qurultaydakı çıxışında bir çox mühün mesajlar verdi, çağırışlar etdi. Dövlət başçısı dillə bağlı məsələyə də xüsusi toxundu. Əslində, cənab Prezidentin çıxışında “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir”, – deyə bəyan etməsi dünya azərbaycanlıları üçün bir çağırış rolunu oynayır”.
Müsahibimiz əmin olduğunu bildirib ki, diaspor təşkilatlarımız bundan sonrakı fəaliyyətlərində bu çağırışı əldə rəhbər tutacaq, yaşadıqları ölkələrdəki soydaşlarımız arasında dilimizin qorunması və yeni nəsillərə çatdırılması üçün var gücləri ilə çalışacaqlar: “Soydaşlarımız Azərbaycan dilini öyrənməklə yanaşı öyrədəcəklər. Həmçinin milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verəcəklər. Qalib bir xalqın övladları olaraq Azərbaycanın bundan sonrakı inkişafına da öz töhfələrini verəcəklər”.
“Mənim fikrimcə dilimizin qorunması və xaricdəki soydaşlarımız arasında təbliğində diaspor təşkilatlarımızla yanaşı mətbuatın və qeyri-hökumət təşkilatlarının da üzərinə böyük iş düşür. Təbii ki, dövlət lazım olan addımları atır. Amma eyni zamanda QHT-lərlə diaspor təşkilatları həm müasir texnoloji imkanlardan istifadə edərək, yəni onlayn qaydada dil dərsləri təşkil edərək, həm də xaricdəki azərbaycanlılara dilimiz, mədəniyyətimiz və tariximizlə bağlı kitablar, dərs vəsaitləri göndərərək bu işə yardım etmiş olarlar. Hesab edirəm ki, QHT-lər üçün necə ki, Şuşa ilə bağlı xüsusi qrant müsabiqəsi elan olundu, eyni zamanda növbəti qrant müsabiqələrindən biri də məhz bu məsələyə, xaricdəki soydaşlarımız arasında azərbaycan dilinin qorunması, təbliği və inkişafı ilə bağll olmalıdır”, – deyə E.Həsənli əlavə edib.