Son yeniləmə: 25 Aprel 2022 15:23
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul elan edir.
DİM-dən bayraqdar.info-ya verilən məlumata görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.
“Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün 2022-ci il aprelin 25-dən mayın 5-dək, I mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün isə 2022-ci il iyunun 1-dən 5-dək Mərkəzin internet saytının səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə internet səhifəsində tanış ola bilərsiniz.
“Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
“Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2022-ci il mayın 15-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) 2022-ci ilin iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə 2022-ci ilin avqustun 21-də keçirilməsi planlaşdırılır.
“Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (topladığı bal 40 və daha çox olan) namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
“Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar”. DİM-in məlumatında belə deyilir.