Son yeniləmə: 25 Dekabr 2022 13:38
Bayraqdar.info – AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Rusiya Federasiyası Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Azərbaycan dünyası” beynəlxalq jurnalının Qazaxıstandakı təmsilçisi Nəsihə Gumarqızı Kenjina ilə görüş keçirilib.
AMEA-dan bayraqdar.info-ya aprelin 25-də bildirilib ki, görüşdə Nəsihə xanımla birlikdə Azərbaycana gələn Qazaxıstanın Cambıl vilayətində azərbaycanlılarla iş üzrə “Mehriban” Mədəniyyət Mərkəzinin müdiri Esmira Məmmədova da iştirak edib.
“Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Qazaxıstan nümayəndələrini salamladıqdan sonra onları iclas iştirakçılarına təqdim edib və çıxış üçün sözü N.Kenjinaya verib.
“Azərbaycanda olmağından məmnunluğunu bildirən N.Kenjina ölkəyə gəlişinin səbəbini açıqlayıb. Azərbaycana olan hədsiz məhəbbətini dilə gətirən natiq bildirib ki, daima bu ölkə ilə maraqlanıb, onu yaxından tanımaq, insanları ilə tanış olmaq məqsədilə 2017-ci ildə ilk dəfə bura gəlib, mediadan, insanlarla söhbətlərdən onların yaşayışı, Respublika, Qarabağ və s. haqqında məlumatlar toplayıb. O, aldığı məlumatlar əsasında kitab yazmağa başlayıb. Balaca Zəhranın ermənilər tərəfindən öldürülməsinin təsiri altında yazdığı şeri tərcümə etdirərək Azərbaycandakı saytlara göndərib. Həmin saytların gecikmədən şeri çap etdiklərini və insanlardan ona çoxlu müraciətlər, məktublar gəldiyini gördükdən sonra Qarabağ hadisələrini dərindən öyrənməyə başlayıb.
“44 günlük Vətən müharibəsini böyük həyəcanla izləyən N.Kenjina 8 Noyabr Qələbə gününü hədsiz sevinclə qarşılayıb, Azərbaycan bayrağına bürünərək Almatının hündür yüksəkliyinə qaçıb və bayrağımızı orada dalğalandırıb.
“Kitabı ürəyinin çağırışı ilə unudulmayan və dəhşətli Qarabağ hadisələri haqqında yazdığını deyən Qazaxıstanlı xanım əsərini Azərbaycanın bütün terror və soyqırım qurbanları, günahsız öldürülən körpələr, qaçqın və itkin düşənlər, torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş oğul və qızlar, qəhrəmanlar tərbiyə etmiş cəsur anaların xatirəsinə, ümumiyyətlə, bütün Azərbaycana, onun xalqına, onun ordusuna və Prezident, Ali Baş Komandan İlham Əliyevə həsr etdiyini bildirib. Onun sözlərinə görə, kitabı yazmaqda əsas məqsədi Azərbaycanı, onun əyilməz, mübariz və azadlıqsevər xalqını Qazaxıstana və bütün dünyaya tanıtmaq olub.
“Sonra o, müəllifi olduğu “Qarabağ: Evə uzun bir yol” kitabını İnstitutun baş direktoruna təqdim edib. Z.Eminov və çıxış edən digər əməkdaşlar N.Kenjinaya vətənimizə, xalqımıza, ordumuza, Prezidentimizə olan sevgisi, isti münasibətinə, ən başlıcası isə, eyni kökdən olan türk xalqlarının bir-birinə yaxınlaşması, bir-birini tanıması yolunda sərf etdiyi əməyə görə minnətdarlıqlarını bildiriblər.
“Sonda tədbir iştirakçıları N.Kenjinanın Qarabağ hadisələrinə həsr etdiyi videoçarxa həyəcanla tamaşa ediblər”.
AMEA-nın xəbərində belə bildirilir.
Bayraqdar.info olaraq bildirək ki, Nəsihə xanım bir Şuşa sevdalısı olaraq bu şəhərə də səfər edib və səfər çərçivəsində onu bayraqdar.info-nun baş redaktoru Azər Həsrət də müşayiət edib.
Qeyd edək ki, N.Gumarqızı bayraqdar.info üçün özəl bir məqalə də yazıb. Məqalə 1993-cü ildə Azərbaycana gələrək Qarabağ döyüşlərinə qatılan və şəhid olan qazax balası Yerbol Barımbetova həsr edilib.
Bayraqdar.info Yerbolun Bakıdakı qəbri üzərindən götürülmüş torpağın onun Cambıl vilayətindəki ata yurdunda əbədiyyətə qovuşmuş ata və anasının məzarı üzərinə səpilməsi haqqında da xəbər verib.