Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Bakıda əslən Qazaxıstandan olan, 1993-cü ildə könüllü şəkildə Azərbaycana gələrək Qarabağ uğrunda savaşa qatılan Yerbol Barımbetovun məzarı ziyarət edilib. Bu haqda onun həmyerlisi, Azərbaycan sevdalısı Nəsihə Gumarqızının “Qarabağ uğrunda şəhid olmuş bir qazax balasının hekayəti” adlı yazısında geniş bəhs edilib.
İndi də bəlli olub ki, Yerbolun əzizləri onun Bakıdakı qəbri üzərindən götürdükləri torpağı Qazaxıstanın Cambıl vilayətinə apararaq şəhidin mərhum ata-anasının qəbri üstünə səpiblər. Bu haqda xəbəri də N.Gumarqızı özünün sosial media hesabında paylaşıb.
N.Gumarqızı qeyd edib ki, Yerbolun qardaşı Nurbol 28 il sonra məzarı tapılan qardaşı Yerbolun Bakıdakı məzarına Qazaxıstandan gətirdiyi torpağı səpib. İndi isə Bakıdakı məzardan götürülən torpaq Yerbolun ata-anasının onun doğma aulu Qorağatıdakı məzarları üzərinə səpilib.
“Aradan 28 il keçib. Yerbol tapılıb. İndi əminəm ki, o və ata-anası göylərdə görüşəcək. Doğmalarının onu xatırlaması lazımdır. Quran oxuyub ehsan vermələrinə gərək var. Bizim vəzifəmiz isə öz gənc həyatını Qarabağın, qardaş Azərbaycan xalqının azadlığı uğrunda fəda etmiş bu sadə qazax balamızın əbədi olaraq hamımızın qəhrəmanımız kimi qalması üçün mümkün olan hər şeyi etməkdir”, – deyə N.Gumarqızı bildirib.
Onu da əlavə edək ki, N.Gumarqızı bayraqdar.info-ya Yerbol haqqında geniş araşdırma aparıb kitab yazmaq niyyətinin olduğunu deyib.
[…] Qazax şəhidin məzar torpağı doğma auluna aparıldı […]