Press "Enter" to skip to content

Dərnəgülü Koroğlu ilə birləşdirmək varkən…

Şəkil 1: Bakı metrosunun xətləri

Son yeniləmə: 23 Aprel 2022 21:39

Bayraqdar.info – Xeyli müddətdir məni bir sual düşündürür: niyə bir adam Dərnəgül metrosundan Koroğlu metrosuna getmək üçün Bakı şəhərinin az qala yarısını fırlanmalıdır? Məsafə olaraq da 10 km-lərlə yoldur bu. Üstəlik də vaxt itkisi. Üstəlik də ictimai nəqliyyatda əlavə sıxlıq və s.

Hələ onu da deyim ki, imkan olsa, Dərnəgüldən Koroğluya qədər məsafə hətta piyada gediləcək qədərdir. Belə imkan olarsa adamın pulu da cibində qalar, canı da sağlamlaşar.

Beləliklə, xəritədə ölçü aparıb müəyyən ediriki ki, Dərnəgül stansiyasından Koroğlu stansiyasına qədər yerüstü birbaşa məsafə 5 km-ə qədərdir (2-ci şəkil). Birbaşa yol olsa maşınla bir neçə dəqiqəlik yoldur. Bəs birbaşa metro xətti olsa? Bakı metrosunun aralıq standartlarını nəzərə alsaq bu məsafə üçün arada bir stansiya da tikmək, bu yolla Dərnəgüllə Koroğlu stansiyasını birləşdirmək ən düzgün seçim olardı.

Şəkil 2: Xəritə üzərində Dərnəgül-Koroğlu stansiyaları arasındakı məsafə (qara xətt)
Şəkil 2: Xəritə üzərində Dərnəgül-Koroğlu stansiyaları arasındakı məsafə (qara xətt)

Hazırkı durumda isə, Dərnəgüldən Koroğluya maşınla 10-11 km, piyada getmək üçünsə hardasa yenə də 10 km-ə qədər məsafə qət etmək lazımdır.

Metro ilə getmək istəyənlər isə tam 11 stansiya keçməlidir. Bunu da məsafə ilə göstərəndə hardasa 20 km edir. Bəlkə də daha uzun, yaxud bir az qısa. Vaxta gəlincə, ən azından 40 dəqiqə itirməkdir bu qədər məsafəni metro ilə keçmək. Ki, dediyimiz kimi Dərnəgül stansiyasını düz xətt üzrə Koroğluya birləşdirmək mümkün olsaydı vaxt baxımından 5 dəqiqə, məsafə baxımından da 5 km olardı.

İndi bizi düşündürən odur ki, belə bir fikir bizim ağlımıza gəlirsə, metronun inkişafını planlayanların ağlına gəlmirmi? Çox istərdik ki, belə bir suala metronun rəsmiləri, bu işin peşəkarları, uyğun sahənin mütəxəssisləri aydınlıq gətirsin. Biz işin faydası, resurslardan istifadənin optimallaşdırılması üçün ictimailəşdirdik bu fikirlərimizi. Görək, mütəxəssislər və səlahiyyət sahibləri nə deyəcək…

Sözardı: Əslinə qalanda, Dərnəgülü Bakmil stansiyası ilə birləşdirmək ən uyğunu olardı. Həm xərc baxımından, həm də vaxt. Çünki bu məsafə heç 2 km də etmir. Həm də bunu tunelsiz – yerüstü etmək də mümkündür…

Mission News Theme by Compete Themes.