Son yeniləmə: 23 Aprel 2022 13:14
Bayraqdar.info – Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu barədə aprelin 23-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
“Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərin rəsm əsərlərində öz düşüncələrini ifadə etməsinin onların hərtərəfli inkişafı üçün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Nazir müavini müsabiqənin əsas mövzusunu, Azərbaycan və Türkiyə arasında dostluğun nümayiş olunmasını yüksək qiymətləndirib, türk xalqının 44 günlük Vətən müharibəsində ölkəmizin yanında olduğunu bir daha vurğulayıb.
“Bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarət olub.
“Respublikanın regionları və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri, həmçinin Türkiyədə təhsil alan şagirdlər arasında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) təşkil olunan müsabiqəyə 700-ə yaxın rəsm işi göndərilib. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən iki ölkənin şagirdləri arasından 18 nəfər olmaqla, ümumilikdə 36 qalib müəyyən olunub. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
“Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Nihat Böyükbaş, Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç, Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan və digər qonaqlar iştirak ediblər”, – deyə xəbərdə qeyd edilib.