Son yeniləmə: 23 Aprel 2022 20:31
Bakıda 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı münasibətilə tədbir keçirilib
Bayraqdar.info – Aprelin 23-də Bakıda 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşavirliyi tərəfindən təşkil edilən proqramda Azərbaycan təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirlik əməkdaşları, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri və çox sayda qonaqlar iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra tədbirdə çıxış edən səfir Cahit Bağcı Türkiyə Böyük Millət Məclisinin açılışına və Türkiyənin müstəqillik mübarizəsinə toxunub. Səfir dövlət bayrağına, dövlətinə sadiq, onun tarixini, mədəniyyətini, dəyərlərini tanıyan və mənimsəyən nəsillər yetişdirməyin birinci vəzifə olduğunu vurğulayıb.
23 aprelin həm də Mustafa Kemal Atatürkün uşaqlara bəxş etdiyi bir gün olduğunu qeyd edən C.Bağcı “Milli suverenliyin qədrini ən çox bilən ölkələrdən biri də qardaş Azərbaycandır. Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə Vətən müharibəsində 44 gündə azad edib və üçrəngli Azərbaycan bayrağını yenidən həmin ərazilərdə dalğalandırıb”, – deyib.
M.K.Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını xatırladan C.Bağcı “Bir millət, iki dövlət anlayışımızı bundan sonra da qoruyub yaşadacaq, iki dövlət arasında yeni əlaqələr yaradacağıq. Türkiyə və Azərbaycan. Möhkəm körpüləri siz quracaqsınız”, – deyə bildirib.
Tədbirdə Azərbaycan təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb. Bildirib ki, təxminən bir əsr əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk bu bayramı uşaqlara ərməğan edərkən dünyaya həmin dövrdə və gələcəyə hədəflənmiş xüsusi mesaj verdi. M.K.Atatürk insanlığın, istər Türkiyə dövlətinin, istər dünyanın gələcəyinin məhz uşaqlarda, gənclərdə olduğu söyləyirdi. Nazir qeyd edib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev də hər zaman deyirdi: “Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan uşaqların əlində olacaq”.
Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən M.Məmmədov diqqətə çatdırıb ki, ölkələrimiz xoş və çətin günlərdə daim bir-birlərinin yanındadır. Vətən müharibəsi zamanı biz bunun bir daha şahidi olduq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün nümunədir. Bu gün biz Qarabağda, Şuşada Azərbaycan bayrağının dalğalandığını görürük, bunun sevincini yaşayırıq.
Proqram Türkiyənin Milli Təhsil Nazirliyinə tabe olan Bakı Türk Məktəbləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi şagirdlərinin ifasında musiqi, rəqs və səhnəciklərlə davam edib. İbtidai sinif şagirdlərinin ifasında xalq oyunları nümayiş etdirilib. Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnıları qonaqlar da müşayiət edib.
Tek millet iki devlet anlayışımızı koruyarak 🇹🇷🇦🇿 arasında sağlam köprüler kuracak olan sizlersiniz. #23NisanUlusalEgemenlikveÇocukBayramı’nız kutlu olsun çocuklar pic.twitter.com/N2q3mMObZN
— Cahit Bağcı (@cahitbagci) April 23, 2022