Son yeniləmə: 23 Aprel 2022 11:36
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq yığıncağın gündəliyi barədə məlumat verib.
“Müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın aprelin 27-də keçiriləcək Ümumi yığıncağına hazırlıq haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri ilə yanaşı, bir sıra nazirliklərin və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı gözlənilir. Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrin hesabatı dinləniləcək, həmçinin tədbir çərçivəsində akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətləri əks etdirən sərginin açılışı olacaq və 3 gün ərzində, aprelin 29-dək gələn qonaqlar üçün nümayiş etdiriləcək. AMEA rəhbəri həmin sərginin gələcəkdə daimi olmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Sonra Arif Həşimov AMEA-nın Ümumi yığıncağının qərar layihəsini təqdim edib. Bu istiqamətdə Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
“İclasda, həmçinin akademik Zemfira Səfərovanın 85, AMEA-nın müxbir üzvləri Şakir Musayevin 65, Firəngiz Əlizadənin isə 75 illik yubileyləri haqqında qərarlar qəbul olunub.
“Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyalarının rəhbəri professor Qərib Mürşüdovun və Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı alim Məsud Əfəndiyevin ölkə başçısının 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüklərini söyləyib və bu təltif münasibətilə AMEA adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“İclasda AMEA-nın müxbir üzvü Pənah Muradova, biologiya elmləri doktoru Fuad Qulubəyova, həmçinin AMEA-nın vitse-prezidentinin köməkçisi Sayat Mustafayevaya AMEA-nın fəxri fərmanları təqdim edilib. Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub”, – deyə xəbərdə bildirilir.