Press "Enter" to skip to content

“Yeni adlar”ın növbəti musiqi axşamı

Son yeniləmə: 21 Aprel 2022 23:55

Bayraqdar.info – Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir. Layihənin məqsədi milli musiqimizin, mədəni irsimizin qorunmasına, ifaçılıq sənətinin inkişafına töhfə vermək, Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, onların estetik zövqünün formalaşmasına, istedadlı gənclərin üzə çıxmasına və geniş auditoriyada tanınmasına yardımçı olmaqdır.

Nazirlikdən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti layihə üzrə musiqi axşamı gerçəkləşdi. Azərbaycan Milli Konservatoriyasının məzunları, respublika və beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Atabəy İsmayılovun (hər ikisi tar) iştirakı ilə konsert proqramı keçirildi.

“Musiqi axşamında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

“Konsertdə gənc musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiət edirdi. Gecədə Musa Mirzəyevin “Azərbaycan rəqsi”, Niyazinin “Qaytağı”, Hacı Xanməmmədovun kamança və orkestr üçün konsert (tar üçün işləmə), tar və orkestr üçün 2 nömrəli konsert əsərləri ifa olundu. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

“Qeyd edək ki, gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə mötəbər konsert zallarında ifasına şərait yaradılması onların inkişafı üçün böyük stimuldur”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.