Son yeniləmə: 22 Aprel 2022 18:34
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri peşəkar vəkillər və vəkilliyə namizəd 119 nəfər üçün onlayn təlim keçirib.
Xidmətdən bayraqdar.info-ya verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd vətəndaşlara istehlakçı hüquqları ilə bağlı hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələrinin düzgün tərtib edilməsinin təmin olunmasıdır.
İştirakçılara Xidmətin fəaliyyət istiqamətləri, istehlakçı anlayışı, istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi barədə məlumat verilib. Təlimdə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud təcrübə və məhkəmə aktları əsasında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.