Son yeniləmə: 22 Aprel 2022 14:56
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzi tərəfindən 2019-cu ildən indiyədək 2,3 milyon vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin 41 faizi Bakı şəhərindən, 59 faizi ölkənin digər bölgələrindən daxil olub.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşların müraciətlərində əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə onlara məlumatlar, sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilməsi təmin edilib. Çağrı Mərkəzinin 102 nəfərdən ibarət heyəti və 5 nəfərdən ibarət könüllü dəstək qrupu fəaliyyət göstərir.
142 – Çağrı Mərkəzi tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi diqqətdə saxlanılır, lazımi tədbirlər görülür. Bununla bağlı, bir sıra layihə və təkliflər də hazırlanıb.
“Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 42 saniyəyə enib.Qeyd edək ki, bu göstərici 2020-ci ildə 8 dəqiqə 31 saniyə olub.
“Bu kimi tədbirlərin nəticəsi olaraq, vətəndaşların 142 – Çağrı Mərkəzindən məmnunluq səviyyəsi 92,6 faizə çatıb.
“Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da mövcud çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi əksini tapır”, – deyə məlumatda vurğulanıb.