Press "Enter" to skip to content

Nevroz və onun simptomları

Nevroz

Son yeniləmə: 21 Aprel 2022 23:19

Bayraqdar.info – Bəzən cəmiyyətdə hər şeyə əsəbi reaksiya verən insanlarla rastlaşırıq. Bəzən də insanlar özləri-özlərinə “mən nevrozam, mənimlə işiniz olması” kimi diaqnozlar qoyurlar. Yəni əsəbiyəm, mənə heç nə deməyin. Əsəbi olmaq nevroz olmaqdırmı? Və yaxud da nevroz xəstəliyinin əlamətləri hansılardır? Bu və digər suallarımıza nevroloq-həkim Ehtiram Alışanov cavab verir.

“Nevroz nədir? Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur. Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər. Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar. Sosial səbəblərə isə maddi durumun yaxşı olmaması, işsizlik və s. aid edilə bilər. Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir. Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir”, – deyir həkim.

Həkimin bildirdiyinə görə, nevrozun bir çox növləri var. Buraya

Həyəcan nevrozu;
Obsessiv-kompulsiv nevroz;
Somatik nevroz;
Fobiyalar;
Postravmatik stress pozuntusu və s. aiddir.

Nevrozun simptomlarına gəlincə, bunlar

Həyəcan;
Ürək döyüntülərinin sayının artması;
Kefsizlik;
Ruh düşkünlüyü;
Bəd xəbər eşitmə qorxusu;
Yorğunluq;
Yuxu və iştaha pozulmaları;
Bədənin müxtəlif nahiyələrində ağrılar;
Xəstəlik qorxusu;
Ölüm qorxusu;
Beyindən çıxmayan fikirlər və hərəkətlər;
Patoloji səliqəlilik və s-dir.

Nevroloq bildirir ki, nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyulur.

E.Alışanov qeyd edir ki, nevrozun müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı,  yan xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır. Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.

“Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında bizə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız”, – deyə həkim bu xəstəlikdən əziyyət çəkənlərə çağırış edir.

Mission News Theme by Compete Themes.