Son yeniləmə: 22 Aprel 2022 14:34
Bayraqdar.info – Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır.
Bu barədə Nazirlikdən bayraqdar.info-ya verilən məluamtda bildirilib.
Qeyd edilib ki, 2021-ci il 28 may tarixində Prezident cənab İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcək.
Vurğulanıb ki, Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur. 17.23 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaq.
“Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək. Bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaq.
“Ağdamda cənab Prezident tərəfindən bayrağın qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcəkdir.Hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksinə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması istiqamətində işlərə başlanılmışdır.
“Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər. Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur. Əlaqələndirici şəxs: Sədi Mirseyibli (tel: 012-498-83-51, 050-480-40-33)”, – deyə məlumatda əlavə olunub.