Son yeniləmə: 22 Aprel 2022 11:54
Bayraqdar.info – “Uşaqlarımızın gələcəyə ən yaxşı şəkildə hazırlanmasına dəstək olmaq vəzifəmizdir”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar deyib. E.Tatar 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı münasibətilə Girnedə keçirilən yürüşə qatılıb.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, Cümhurbaşqanı Girne Ramadan Cemil Meydanında başlayan və Atatürk abidəsinin önündə başa çatan yürüşün sonunda çıxış edib. Uşaqların dünyanın gələcəyi olduğunu vurğulayan E.Tatar 23 aprelin Türkiyə Böyük Millət Məclisinin qurulduğu gün olduğunu, ulu öndər Mustafa Kemal Atatürkün bu önəmli günü bütün dünya uşaqlarına ərmağan etdiyini xatırladıb.
Cumhurbaşqanı uşaqlıq illərində 23 apreli böyük bir həyəcanla gözlədiyini, bu gün də uşaqların eyni həyəcan keçirdiklərini görməyin onda böyük sevinc yaşatdığını deyib.
“KKTC-də bayraqlarımızın altında birlik və bərabərlik şəraitində millətimizin gələcəyi üçün çalışırıq”, – deyən E.Tatar uşaqlardan həmyaşıdları ilə dostluq, həmrəylik və qardaşlıq münasibətlərini inkişaf etdirmələrini və özlərini gələcəyə ən yaxşı şəkildə hazırlamalarını istəyib.
E.Tatar bildirib ki, bu günün kiçikləri, sabahın böyükləri olan uşaqlar gələcəkdə ölkəni idarə edəcəklər: “Sizi çox sevirik və sizə çox güvənirik. Biz sizi ölkənin gələcəyi kimi görürük. Özünüzü ən yaxşı şəkildə təkmilləşdirin, çünki gələcəkdə KKTC-ni idarə edən bu vəzifələrdə siz olacaqsınız. Siz bu ölkənin gələcəyi və sərvətisiniz”.