Press "Enter" to skip to content

Dünya Azərbaycanlılarının Zəfər qurultayı

Bayraqdar.info – Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bayraqdar.info-ya verilən məlumata görə, tarixə Zəfər qurultayı kimi düşəcək bu ali tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.

Aprelin 23-dək davam edəcək qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

DİDK sədri Fuad Muradovun bu günlərdə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində də vurğulandığı kimi dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır: “Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq”.

Mission News Theme by Compete Themes.