Son yeniləmə: 21 Aprel 2022 10:13
Bayraqdar.info – Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniya başladılıb.
Bu barədə bayraqdar.info-ya aprelin 21-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə geniş məqalə yerləşdirilib. Məqaləd paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatlar öz əksini tapıb.
Avqustun 15-dək davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.
O da qeyd edilib ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.