Press "Enter" to skip to content

Türkiyə Cümhuriyyətinin ilk təməli TBMM-in yaranması ilə qoyuldu

Doç. Dr. Volkan Martin

Son yeniləmə: 21 Aprel 2022 11:53

Bayraqdar.info – Aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) 101 yaşı tamam olur. Düz 101 il əvvəl türk milləti böyük öndər Mustafa Kemal Atatürkün rəhbərliyi ilə yeni bir tarix yazdı.

İşğalçıların Osmanlı İmperiyasını tamamilə parçalayaraq bütün əraziləri ələ keçirmək planına qarşı dirəniş göstərən xalq öz istəyinə nail oldu. 1920-ci ilin 23 aprelində Ankaranın Hacı Bayram Vəli məscidində qılınan cümə namazından sonra ilk Məclis binasının qarşısına yürüş edildi. Bina qapısının lentini Mustafa Kemal Atatürk kəsdikdən sonra TBMM-in ilk toplantısı keçirildi. İclasda açılış nitqi ilə çıxış edən ən yaşlı məclis üzvü, Sinop millət vəkili Şerif bəy ölkənin işğala və əsarətə baş əyməyəcəyini, türk millətinin hədəfinin yalnız müstəqillik olduğunu vurğuladı.

Beləliklə, türk milləti adından qanunvericilik səlahiyyəti TBMM-ə verildi. Aprelin 24-də isə Mustafa Kemal Atatürk TBMM-nin sədri seçildi və bundan sonra hökumətin kabineti müəyyən olundu.

Bu barədə Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq keçirdiyi “Çərşənbə söhbəti” çərçivəsində növbəti görüşdə bəyan edilib. Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, bu dəfəki məruzəçi Osmangazi Universitetindən Doç. Dr. Volkan Martin olub.

“Ulusal Egemenlik Anlayışı” mövzusunda çıxış edən V.Martin Osmanlının hanədanlıq idarə sistemindən bir millətin idarə sistemi olan Cumhuriyətə keçid dövrü və M.K.Atatürk’ün bir çox sahədə reallaşdırdığı islahatlardan bəhs edib.

Türkiyə Böyük Millət Məclisinin qurulmasıyla dövlətin idarəsinin xalqın iradəsinə verildiyini deyən məruzəçi M.K.Atatürkün millətləşmə və demokratiya yolunda atdığı tarixi addımların əhəmiyyətindən söz açıb.

Qeyd edilib ki, Türkiyə Cümhuriyyətinin ilk təməli 101 il əvvəl TBMM-in yaranması ilə qoyuldu.

Sonda iştirakçıların sualları cavablandırılıb. Həmçinin Dərnək sədri Uzm. Ecz. Cavid Aydın tərəfindən məruzəçi Doç. Dr. Volkan Martin’ə təşəkkür bəlgəsi təqdim edilib.

Mission News Theme by Compete Themes.