Son yeniləmə: 21 Aprel 2022 13:38
Bayraqdar.info – Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Tovuz rayonuna səfər edib. Səfər çərçivəsində Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən bayraqdar.info -ya verilən xəbərdə bildirilir ki, mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
“Açılış mərasimində iştirak edən təhsil naziri E.Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.
“Bildirilib ki, STEAM Mərkəzində təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, VR, mühəndislik, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var.
“Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500-ə yaxın şagird və tələbənin Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.
“Əlavə edilib ki, Tovuz rayonu üzrə hazırda 3 məktəbdə STEAM layihəsi tətbiq edilir. Layihə rayon üzrə ümumilikdə 240 şagirdi əhatə edir.
“Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.
“2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir”, – deyə xəbərdə bildirilir.