Press "Enter" to skip to content

Heç bir qüvvə Türkiyədən tərəf tutmasını tələb edə bilməz

Dr. Yücel Karauz

Son yeniləmə: 21 Aprel 2022 09:36

Yücel Karauz: Türkiyə hansısa xarici güclərin mənfəətinə uyğun addım atan zəif ölkə deyil

Bayraqdar.info – “Biz bu müharibədə tərəf deyilik. Antalya konfransında sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan da bu problemə Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığı, sülh və sabitlik baxımından yanaşıldığını bəyan etdi. Eyni zamanda, Türkiyənin maraqları, o cümlədən dünyada sülhün və bölgənin təhlükəsizliyi baxımından bu məsələdə bizim tərəfsiz olmamız vacibdir”.

Bunu Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bayraqdar.info-nun “NATO Rusiyaya qarşı sərt tədbirlərə əl atarsa, Türkiyənin tutumu nə ola bilər” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Türkiyə səmimi və dostcasına bu müharibənin təsirlərini azaltmaq, regiona yenidən sabitliyin, sülhün gəlməsinə nail olmaq üçün çalışır: “Düzdür, NATO və ABŞ bu müharibə fonunda Türkiyəyə psixoloji təsir göstərməyə çalışır. Amma türk dövlət ağlı, məncə, son illərdəki ən böyük uğurunu qazanıb. Türkiyə Rusiya ilə Ukrayna arasında həm böhran, həm də müharibə dönəmində iki ölkəyə də bərabər məsafədə, lakin ölkələrin beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün toxunulmazlığını əsas tutaraq bir mövqe sərgiləyib. Məhz bu cür yanaşması Türkiyənin hər iki tərəfdən də etibar edilən ölkə kimi qəbul edilməsinə səbəb olub. Hətta Ukrayna Türkiyənin Böyük Britaniya və ABŞ-la birlikdə qarantör dövlət olmasını istədiklərini bəyan edib. Bir sözlə, Türkiyə bu müharibənin bir an öncə sona çatması üçün əlindən gələni edir. Heç bir qüvvə – nə NATO, nə də Qərb Türkiyədən tərəf tutmasını tələb edə bilməz”.

Y.Karauz qeyd edib ki, Türkiyə hansısa xarici güclərin mənfəətinə uyğun addım atan zəif ölkə deyil: “Türkiyə, bir daha deyirəm, bölgəyə sülh və sabitlik gəlməsi, bu müharibənin sona çatması üçün çalışır. Amma təəssüflər olsun ki, bunu Qərb üçün demək olmaz. Qərb müharibənin davam etməsi üçün əlindən gələni edir. Üstəlik NATO bu arada İsveç və Finlandiyanın da üzvlüyə qəbul edilə biləcəyi mesajını verməklə bir növ müharibəni daha da körükləyir. Çünki nəzərə almaq lazımdır ki, Rusiya Ukraynaya məhz bu səbəbdən hücum edib. Yəni Rusiya Ukraynanın NATO-ya üzvlüyünü əngəlləmək üçün bu müharibəni başladıb. Belə olan halda “İsveç və Finlandiyanı NATO-ya üzv edək” demək, əslində, Rusiyanın bu dəfə də bu iki ölkəyə hücum etməsinə səbəb olmaqdır. Görünən odur ki, Qərb uzun illər bu regionda müharibənin davam etməsinə çalışır”.

Mission News Theme by Compete Themes.