Press "Enter" to skip to content

Gürcüstan azərbaycanlıları diaspor deyil

Aygül İSAYEVA

Biz öz tarixi torpaqlarımızda – öz vətənimizdə yaşayırıq

İqtisadiyyat üzrə f.d. Aygül İSAYEVA

Bayraqdar.info – 1996-cı ildə ulu öndər Heydər Əliyevin Tbilisi Opera və Balet Teatrında Eduard Şevardnadze və Gürcüstan azərbaycanlıları ilə görüşü olur. Görüşdə iştirak edən şahidlərin sözlərinə görə, E.Şevardnadze Gürcüstan azərbaycanlılarına “diaspor” deyə müraciət edən zaman H.Əliyev dərhal onun sözünü kəsib, “Gürcüstan azərbaycanlıları diaspor deyil, öz doğma torpaqlarında, doğma vətənlərində yaşayır” deməklə Azərbaycan dövlətinin mövqeyini göstərmişdi.

H.Əliyevin qətiyyəti, bu sözü inamla deməsi Gürcüstan azərbaycanlılarında özünəinam yaratdı, Gürcüstan dövlətinin rəhbərliyinə isə Azərbaycan dövlətinin rəsmi münasibətini bildirdi.

Olmasaydı elə, olsaydı belə…

Əgər H.Əliyev E.Şevardnadzenin sözünü kəsməsəydi, “diaspor” sözünə münasibət bildirməsəydi, susaraq deyilən fikirlərlə razılaşsaydı, şübhəsiz ki, bəzi dövlət məmurları Gürcüstan azərbaycanlılarına rəsmi “diaspor” statusunun verilməsinə illər öncə nail olmuşdular.

O gündən bu günə Azərbaycandan Gürcüstana rəsmi səfərlər edən dövlət məmurları hər zaman gürcü həmkarları ilə olan rəsmi görüşlərdə “Gürcüstan azərbaycanlıları diaspor deyil, öz tarixi torpaqlarında – öz vətənlərində yaşayırlar” ifadəsini tez-tez işlədirlər.

Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarının Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya olunmasına böyük dəstək verir. Təəssüflər olsun ki, bəzi şəxslər Azərbaycan dövlətinin maliyyəsi ilə dəstəklənən layihələri həzm edə bilməyib buna başqa don geyindirməyə çalışırlar. Sanki Azərbaycan dövlətindən dəstək almaq həmin dövlətin diasporu olmaq anlayışına gəlir. Ancaq ABŞ, Avropa Birliyi və ona daxil olan ölkələr və s. dövlətlərin maliyyəsi nədənsə çox şirin, doğma və əziz olur, bu dövlətlərdən maliyyə dəstəyi almaq heç də həmin dövlətlərin diasporu olmaq anlayışına gəlmirmiş.

Avropa Şurasının bütün rəsmi sənədlərində, layihələrində Gürcüstan azərbaycanlıları “milli azlıq” kimi qələmə verilir. AB, ABŞ bizi “milli azlıq”, “etnik azlıq” kimi qəbul edib Gürcüstana qrantlar ayırır. “Milli azlıq”, “etnik azlıq” kimi Avropadan, Amerikadan qrant almağı, maliyyə dəstəyi almağı, layihələr etməyi özlərinə şərəf hesab edənlər, yazıqlar olsun ki, Azərbaycanın soydaşlarına etdiyi dəstəyə başqa cür don geyindirməyə çalışırlar.

Nə hikmətdirsə, bəzi kəslər milli-mənəvi vətənimiz olan Azərbaycanın dəstəyini Gürcüstan azərbaycanlılarının əleyhinə hazırlanmış silah kimi görür, ancaq xarici dövlətlərin maliyyə dəstəyinə isə qucaq açırlar. Araşdıranda da görürsən ki, bu gənclərin bir çoxu elə 5 il ərzində Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanın ali təhsil ocaqlarında 1+4 proqramı ilə təhsil alıb (1 il gürcü dili hazırlığı və 4 il bakalavr pilləsi), 5 il ərzində gürcü dilini inkişaf etdiriblər, gürcülərlə dostluq əlaqələri qurublar, Gürcüstan vətəndaş cəmiyyətinə Azərbaycanın dəstəyi ilə inteqrasiya olunublar. Di gəl ki, 28 Mayda Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etməyi özlərinə rəva bilmirlər. Ancaq ABŞ-nin müstəqillik gününü məmnuniyyətlə təbrik edirlər. Sual olunur, bəs 5 il dalbadal sizləri təhsil haqqınızı ödətdirmək üçün ərizə yazmağa nə məcbur edirdi? Sözlə əməliniz niyə üst-üstə düşmür? Yoxsa ki, ehtiyacınız olanda maksimum dərəcədə istifadə edirsiz, lazım olmayanda isə arxa çevirirsiz? Deyir milçək bir şey deyil, amma ürək bulandırır.

Eyni gənclərin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qarış-qarış torpaqlarını işğaldan azad etməsini paylaşmağa əlləri gəlmədi, Azərbaycan ordusu üçün təşkil edilmiş dəstək aksiyalarını “bura Gürcüstandır, qonşu ölkədə baş verənlərdən bizə nə” deyib qınadılar.

Azərbaycanda 44 günlük müharibə zamanı tam səfərbərlik elan edilmədi, yarım səfərbərlik idi, Azərbaycan dövlətinin xarici ölkələrdəki səfirlikləri maddi yardım və canlı qüvvələrə ehtiyac olmadığını bəyan etmişdilər.

Gürcüstanda Azərbaycan ordusu üçün təşkil edilmiş dəstək aksiyalarını qınayanlar nədənsə konstitusiyaya zidd olmasına baxmayaraq Gürcüstan vətəndaşlarının Ukraynada vuruşmaq üçün müharibəyə getməsini ürəkdən alqışladılar. Qanı-qanımızdan, canı-canımızdan olan bacı-qardaşlarımız milli-mənəvi vətənimizdə soyqırıma məruz qalanda, yaşlı, cavan, qadın, körpə, uşaq deməyib qanına qəltan ediləndə susan “bizimkilər”in bu gün başqa ölkədə baş verənlərlə bağlı hay-şüvən qoparması nə dərəcədə səmimidir?

Azərbaycanın haqq işini dəstəkləməyən, zəfərinə sevinə bilməyənləri, Xocalı üçün ədalət tələb etməyin Gürcüstanda yaşayan erməniləri qıcıqlandıracağından çəkinənləri yaşamaq uğrunda mübarizə, sağ qalmaq istəyimi bir ölkədə ədalətsizliyə göz yummağa, digər ölkə üçün isə “ədalət carçısı” olmağa sövq edir?

90-cı illərin çətinliklərini, millətimizin başına gətirilən faciələri unutmaq vicdansızlıq olardı. Zviad Qamsaxurdia, eləcə də E.Şevardnadzenin prezidentliyinin ilk illərini xatırlayanlar çoxdur. Həmin dövrün şahidləri canlı tarixdir. Azərbaycanın müdaxiləsi və dəstəyi olmasaydı bu gün Borçalıda bir nəfər də Gürcüstan azərbaycanlısı qalmazdı. Qalanlara isə “diaspor” statusunu etiketləyəcəkdilər.

Azərbaycan 90-cı illərdə Birinci Qarabağ müharibəsində torpaqlarının 20 faizinin işğal olunduğu çox çətin bir dövrdə Borçalıda yaşayan soydaşları yaddan çıxarmadı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı da müharibəyə baxmayaraq soydaşlar yenə də diqqətdən kənarda qalmadı, Gürcüstan vətəndaşları olan azərbaycanlıların təhsil haqlarının ödənilməsində heç bir problem yaşanmadı. Halbuki Azərbaycanın bu qədər şəhid verməsi ilə əlaqədar olaraq həmin məbləğ “YAŞAT” fonduna keçirilsəydi bunu hər kəs anlayışla qarşılayacaqdı.

Gürcüstan azərbaycanlıları naşükür, qədirbilməz millət deyil. Təəssüflər olsun ki, hər yerdə olduğu kimi, bizdə də ürəkbulandıran milçəklərə rast gəlinir. Amma əksəriyyət başa düşür ki, tarix təkrarlana bilər. İki il bundan qabaq dünyanı cənginə alan COVID-19-un tüğyan etdiyi bir vaxtda, Gürcüstan azərbaycanlıları olmazın təhqirə məruz qaldı, sanki 90-cı illərdə olan münasibət yenidən baş qaldırmışdı.

90-cı illərdə nələr baş verirdi? Təkrar biliyin anasıdır, gəlin tarixə yenidən nəzər salıb yaddaşımızı təzələyək.

90-cı illərdə Borçalıda vəziyyətin gərgin olduğu vaxtlarda Gürcüstan azərbaycanlıları vətəndaşı olduğu ölkədən hüquqlarının qorunmasını tələb edib nəticəsini görməyəndə Azərbaycana müraciət edirlər. Azərbaycan hökumətinə, prezident aparatına, parlamentə və s. qurumlara ünvanladıqları məktub, telefen və zənglərdən sonra dövlət katibi Gürcüstana gəlir və Lalə Şövkət Hacıyeva xalq qarşısında bu sözləri söyləyir: “Mən bu gün bir dövlət katibi kimi yox, bu xalqın övladı kimi sizinləyəm. Bu gün Azərbaycan çox gərgin böhran içində, çətin vəziyyətdədir. Bunun hamısını bilirsiz. Demək olar ki, bəlkə də tarixin ən faciəli səhifəsidir bu günlər Azərbaycanın keçirdiyi anlar. Bizim 20 faizdən çox torpaqlarımız işğal olunub. Belə bir məqamda bu günlər mənim bura gəlməyimi siz gərək özünüz qiymətləndirəsiz və Prezidentin, Heydər Əliyevin mənə tapşırığı ki, mən bura gəlim, sizi görüm, sizin güzəranınızı, sizin vəziyyətinizi görüm… Özünüz bilin, belə bir ağır vəziyyətdə Respublikada bu gün mənim bura gəlməyimə özünüz qiymət verin. Ona görə də başa düşün ki, siz bizim üçün doğrudan da çox əzizsiniz. Biz bir xalqıq, bir ailəyik və siz arxalısız, sizin arxanızda böyük Azərbaycan xalqı var. Mənim bütün məlumatım var burada sizin vəziyyətinizdən, sizə görə narahatıq. Heydər Əliyevin də məlumatı var. O, çox nigarandır sizdən. Bu gün mən buradan gedib E.Şevardnadze ilə görüşəcəyəm. Görüşdən sonra o, gecə də olsa gözləyir ki, mən gəlim deyim burada yaşayan bizim xalqımız nə vəziyyətdədir. İnanın, bizim hamımız çox narahatıq. Gürcüstanla Azərbyacanın tarixən heç bir münaqişəsi olmayıb. Biz tarixən bir ailə kimi böyümüşük. Neçə bizim dahi oğullarımız burada yaşayıblar. Gürcüstan bizim üçün doğma vətəndir. Bu gün mən istəmərəm ki, Gürcüstan sizin üçün vətən olmasın, sizin üçün doğma olmasın. Burada bizim atalarımızın, babalarımızın ruhları var. Mən istəmərəm ki, bu gün biz bunların hamısını qoyaq və deyək ki, yox, biz buradan gedirik. Bu, düzgün deyil. Bizim min illik tariximiz var, min illik bir yerdə yaşayan tariximiz var. Bu bir min ildə bizim aramızda münaqişə olmayıb. Bu gün nəyə görə münaqişə olmalıdır?..”

Nə baş verirdi? Əflatun Saraclının “Borçalı bu gün” adlı məqaləsində oxuyuruq: “Hakim dairələr, millətçi qüvvələr yerli xalqa divan tutdular. Bir həftə içində Bolnisi rayon mərkəzindən azərbaycanlılar bir nəfər kimi qovuldu, evlər yandırıldı, adamlar öldürüldü. Sonra bu əməliyyat Dmanisi rayonunda keçirildi. İndi bu iki rayon mərkəzində və Qazret şəhərində bir azərbaycanlı ailəsi qalmayıb. Azərbaycan kəndlərinə rəhbərliyə gürcü göndərdilər, gürcü dilində bilməyənlər qovuldu, sıxışdırıldı. Əsgərliyə gedib-gələnləri qeydiyyata götürmədilər, hər yerdə “Siz qonaqsız, öz vətəninizə gedin!” sözləri ilə qarşıladılar, bazarlarda var-yoxları dağıdıldı, incidildilər. Rayonlarda silahlı dəstələr az-çox pulu olan, sayımlı adamları girov götürür, əli avtomatlılar yolları kəsir, evlərə soxulub kəndləri çalıb-çapır, maşınları, mal-qaranı aparır, bəzən də alçaldır, döyür, öldürürlər. Girov götürdüklərindən milyonlarla pul, qızıl istəyirlər. El-oba da qapı-qapı pul yığıb onu buraxdırmağa çalışır. Beləliklə də həm xalqı soyur, dilənçi kökünə salır, həm də qorxudub dədə-baba yurdlarından qovmaq məqsədi güdürlər. Ürək ağrısı ilə deyirik ki, təkcə Dmanisi rayonundan Muğanlı, Saatlı, Hüseynkənd kimi bir neçə dağ kəndi tam boşaldılıb. Bir çox kədlərdə qapılar bağlı qalıb, adamlar dövlətin qorumamasına görə soyğunçuluqdan, aclıqdan başlarını götürüb qaçırlar. Borçalının dörd rayonunun elə kəndi yoxdur ki, oradan ailə çıxmamış olsun. Çoxu da Bakıya pənah gətirir. Çoxu heç olmasa acından ölməmək üçün çörək, un da tapmır. Dövlət mağazalarından heç nə ala bilmirlər. Rayona çörəyə gedəndə də vermirlər, əliboş qayıdırlar. Öz pulları ilə adi çörək, un almaq problemə çevrilib. Nəqliyyat, istilik, qaz, odun, işıq yoxdur. Məktəblər bağlanır, qəzetlər çıxmır. Təkcə Dmanisidə bilərəkdən 33 Azərbaycan orta məktəbini bağlayıblar. Borçalıda adam oğurluğu, girov götürmə, ev soyma, yol kəsmə kütləvi hala çevrilib. Dmanisiyə gedən azərbaycanlılarla dolu marşrut avtobusu avtomat atəşinə tutulub. Ölən və yaralananlar var. Marneuli şəhər bazarında partlayış törədilib. Şəhər xəstəxanalarında polis işçilərinin gözləri qarşısında cərrahiyyə əməliyyatı kürsüsündə azərbaycanlını gülləyə tutublar, rayon mərkəzində cavan oğlanı öldürüblər, hamilə qadını oğurlayıblar.

“Yerli rəhbərliyin gözləri qarşısında baş verən belə hadisələrin qarşısı alınmır, cinayətkarlar tutulmur, özbaşnalıq ayaq açıb genişlənir. DİN, yerli polis idarəsi əməkdaşları, OMON-çular bununla da quldurluğa, oğru-əyriliyə şərait yaradır. Yerli sakinlərin dediyinə görə, hətta onlarla əlbir olanlar da var. Beləliklə, onlar da Borçalıya, borçalılara ucuz gəlir yeri kimi baxırlar. Bolnisi və Dmanisidə rəhbərlikdə bir nəfər də azərbaycanlı yoxdur. Əvvəllər Marneulidə rayon polis işçilərinin çoxu borçalılar olduğu halda, indi 700 polis işçisi arasında azərbaycanlılardan bir nəfər də yüksək rütbəli zabit tapılmır.

“Ən acınacaqlısı isə azərbaycanlıların Borçalıda tarixini, kökünü silmək üçün kəndlərin adının özbaşına dəyişdirilməsidir. Bu proses Dmanisi və Bolnisidən başlayıb. Təkcə Bolnisi rayonu üzrə 30-a yaxın kənd adı dəyişdirilib.

“Son vaxtlar Borçalıda siyasi-ictimai durum yenə də gərginləşmişdi. On nəfər soydaşımız, o cümlədən yerli aqrar firmasının baş direktoru Allahverdi Hümbətov, Marneuli avtomobil təmiri stansiyasının direktoru Teymur Məmmədov, Dəllər kənd sakini Səlimxan Məmmədov, Yırğançay kəndindən Eyvaz Vəliyev və başqaları oğurlanmışdı. Onları buraxmaq üçün milyonlarla pul istəyirdilər. Cana doymuş xalq ayağa qalxdı. Marneuli şəhər icra hakimiyyəti qarşısında mitinq keçirdilər. Qurulan çadırlarda 12 nəfər aclıq elan etdi. Onlar hökumətdən öz vətəndaşlıq hüquqlarının qorunmasını, soyğunçuluğa, quldurluğa, adamların oğurlanmasına, girov götürülməsinə son qoyulmasını tələb edirdilər.

“Tələblər bir nəticə verməyəndə Azərbaycan dövlətinə müraciətlər ünvanlandı. Bakıdan nümayəndə heyəti gələndən iki gün sonra Allahverdi Hümbətov, Teymur Məmmədov, Eyvaz Vəliyev və başqaları buraxıldı.”

Bax, belə paradoks içərisində yaşayırıq. Əgər Gürcüstanda nəyəsə nail ola bilmiriksə, başqasında günah axtarmalı deyilik, bizə hər zaman dəstək olan milli-mənəvi vətənimiz Azərbaycanı qınaq obyektinə çevirməməliyik. İnteqrasiya yuxarıdan başlayır, dövlət bizi qəbul etmirsə, lazımı addımlar atmırsa tək və yeganə hədəf dövlətin siyasətini dəyişdirmək olmalıdır. Təhsilə edilən investisiya gələcəyə edilən investisiyadır. Azərbaycan dövləti həm abituriyentlərin universitetə qəbul olunması üçün pulsuz kurslar təşkil edir, həm də universitetdə oxuyan tələbələrin 5 illik təhsil haqlarını ödəyir. Gənclərdən isə yalnız bir gözlənti var: 5 il ərzində gürcü dilini təkmilləşdirsinlər, gürcülərlə mehriban dostluq əlaqələri qursunlar, Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya etsinlər, öz hüquqlarını bilsinlər, Gürcüstanda yüksək vəzifələrdə təmsil olunsunlar. Neft, qaz tükənən resursdur, bu gün var, sabah yoxdur. Azərbaycan dövləti bu gün sizin təhsilinizə dəstək olursa, sabah sizin övladlarınız və nəvələriniz üçün eyni şeyi etmək iqtidarında olmaya bilər. Ona görə də indidən Gürcüstanın bərabərhüquqlu vətəndaşı olmağınız üçün sizə yaradılan imkandan istifadə edin. Ancaq bunu sizə dəstək olan dövlətə arxadan zərbə vurmaq hesabına etməyin… Tarix bunu sizə heç vaxt bağışlamaz!

Mənbə: YeniYol.ge. Yazı müəllifin izni ilə dərc edilir.

Mission News Theme by Compete Themes.