Son yeniləmə: 21 Aprel 2022 09:18
Yaxud KKTC-də siyasi islahatların vacibliyi ilə bağlı qənaətimiz bir daha öz təsdiqini tapdı
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hökumət istefaları fonuтda siyasi böhrandan xilas ola bilmir. Son iki-üç il ərzində isə bu böhran daha da kritik həddə çatıb. Bir-birini əvəz edən hökumətlərdə nazirlər öz kabinetlərinə öyrəşməmiş ya yeni hökumət formalaşır, ya da ümumiyyətlə növbədənkənar parlament seçkiləri keçirilir. Sonuncu olay isə KKTC-nin, necə deyərlər, “siyasi böhran pandemiyası”na təslim olduğunu deməyə əsas verir. Söhbət cəmi 52 gün ömrü olan 26-cı hökumətin istefa səbəbindən gedir.
Kiçik ölkənin böyük problemi
Bu səbəbə toxunmazdan öncə bildirək ki, KKTC ərazi baxımdan nisbətən kiçik ölkə olsa da, üzləşdiyi problem olduqca böyükdür. O qədər böyük ki, artıq bu proses idarəolunmaz həddə çatıb.
Bu gün dünyada tanınma mücadiləsi aparan KKTC-nin belə problemlə uğraşması isə qəbuledilməzdir. Bunu KKTC-də siyasətlə məşğul olduğunu deyən, siyasət meydanında addım atan hər bir lider, hər bir fərd yaxşı bilməlidir.
Hesab edirik ki, kiçik dövlətin bu böyük dərdinin aradan qaldırılması, hökumətlərin istefa seriyasına son qoyulması üçün bir an öncə KKTC-də siyasi islahatlar aparılmalıdır. Yeri gəlmişkən, 26-cı hökumət parlamentdən etimad səsi alandan cəmi bir gün sonra yazdığımız köşədə bu məqama ətraflı toxunmuşduq.
İndi ayrılmağın yox, bir olmağın vaxtıdır
Beləliklə, 26-cı hökumətin ömrü cəmi 52 gün sürdü. Əslində bu hökumətdə heç də hər şeyin hamar olmadığı cəmi 7 gün sonra üzə çıxmışdı. Martın 3-də parlamentdən etimad səsi alan hökumətdə bir həftə sonra nazir dəyişikliyi gələcək həyəcanlı məqamlardan xəbər verirdi. Daha dəqiq desək, 26-cı hökumət qurulanda xarici işlər naziri postunu qoruyacağı kimsədə şübhə doğurmayan Tahsin Ertuğruloğlunun kabinetdən kənarda saxlanılması və cəmi bir həftə sonra yenidən bu posta onun təyin olunması ilk növbədə hakim Ulusal Birlik Partiyasında (UBP) daşların heç də doğru düzülmədiyinə işarə edirdi.
Amma ümid var idi ki, 26-cı hökumət də, UBP də özündə güc tapıb bu kritik və vacib məqamda üzərinə düşən vəzifənin öhdəsindən gələ biləcək. Təəssüflər olsun ki, bu ümidlər doğrulmadı. Ya zəlzələdən, ya vəlvələdən. Nəticə odur ki, maliyyə naziri ilə hökumət başçısı arasında yaranan, sonra isə UBP daxilinə transfer edən gərginlik fonunda Cümhurbaşqanı Ersin Tatar 26-cı hökumətin istefasını qəbul etmək məcburiyyətində qaldı.
Bunu, daha çox Cümhurbaşqanı hökuməti istefaya göndərməyə üstünlük verdi kimi də dəyərləndirmək olar. Çünki 26-cı hökumətin Baş naziri Faiz Sucuoğlu Cümhurbaşqanı ilə iki dəfə görüşüb. Birinci görüş aprelin 19-da günorta olub. Həmin görüşdə Baş nazir Cümhurbaşqanına Suat Atunun maliyyə naziri postundan alınması istəyini çatdırıb. Cümhurbaşqanı da fikirləşmək üçün vaxt istəyib. Günortadan sonra isə Baş nazir Cümhurbaşqanına yenidən zəng edib və bu dəfə hökumətin istefasını qəbul etməyi istəyib. Cümhurbaşqanı aprelin 20-də F.Sucuoğlu ilə yenidən görüşərək bu istəyi qəbul edib.
KKTC mətbuatının yazdığına görə birinci təklif reallaşsaydı Suat Atunun yerinə UBP millət vəkili Olgun Amcaoğlu maliyyə naziri təyin olunacaqdı.
Görünən odur ki, Cümhurbaşqanı E.Tatar ikinci addımı atmağı daha məqbul bilib. Və deyə bilərik ki, bu, ən doğru seçimdir. Çünki bu addımla E.Tatar öz evi qədər dəyər verdiyi UBP-ni daxili parçalanmadan xilas edib. Çünki F.Sucuoğlu ilə E.Tatarın aprelin 20-də görüşü ərəfəsində UBP-də əsəblər tarıma çəkilmiş halda idi. S.Atunun O.Amcaoğlu ilə əvəzlənməsi isə partiyanı parçalaya bilərdi. E.Tatar buna imkan verməyərək, əslində, cəmiyyətə və partiyaya “İndi ayrılmağın yox, bir olmağın vaxtıdır” mesajını vermiş oldu.
Ehtimallarımız öz təsdiqini tapdı
Yuxarıda vurğuladığımız kimi, 26-cı hökumət (UBP-DP-YDP koalisiyası) parlamentdə etimad səsi alandan cəmi bir gün sonra KKTC-dəki mövcud durum və çıxış yolu barədə yazmışdıq. Orada yeni hökuməti bır sıra çətinliklərin gözlədiyini qeyd etmişdik: “Hər şeydən öncə iqtisadi çətinlikdir ki, F.Sucuoğlu hökuməti bir an öncə hər şeyi toparlamalı və geriləmələrin heç olmasa bir qisminin qarşısının alınması üçün radikal addımlar atmalıdır. Lakin bu hökuməti təkcə iqtisadi problemlər gözləmir. Yuxarıda bəhs etdiyimiz sürprizlərin də təkrarlana bilməsi mümkündür. Özü də təkcə hökumətin kiçik ortaqları daxilində deyil, UBP daxilində də bu sürprizlər baş qaldıra bilər”.
Vurğulamışdıq ki, yeni hökumətin ilk işlərindən biri KKTC-də idarəçilik sistemində vaxt itirmədən dəyişikliyə dair paketi parlamentin və xalqın müzakirəsinə təqdim etmək olmalıdır. 26-cı hökumət KKTC-nin və Kıbrıs türk xalqının gələcək inkişafı və rifahı üçün lazım olan o addımı atmaqda özündə güc tapmalıdır. Həmin addımın isə vaxt itirmədən prezidentlik üsul-idarəsinə keçidin ola biləcəyini bildirmişdik.
Aprelin 19-u və 20-si baş verənlər bu qənaətə gəlməymizdə haqlı olduğumuzu bir daha təsdiqlədi. Amma təəssüflər olsun ki, vaxt itirildi. KKTC yenə başa döndü. Düzdür, E.Tatar yeni hökuməti qurmaq səlahiyyətinin kimə veriləcəyinə dair aprelin 21-də fəaliyyətə başlayacağını deyib. Amma istənilən halda yeni hökumətin qurulması və fəaliyyətə başlaması üçün ən azı iki aya yaxın vaxt lazım olacaq. İtirən isə KKTC dövləti və xalqı olacaq.
Niyə məhz indi?
Heç bir halda arzuolunmaz bir nəticə ortadadır. KKTC yenə hökumətsiz qaldı. Bu isə əlavə vaxt itkisi deməkdir. İndi isə vaxt KKTC üçün qızıldan qat-qat qiymətlidir. Çünki son dövrlər Ana Vətən Türkiyənin səyləri, böyük siyasətçi Recep Tayyip Erdoğanın fədakarlığı və ustalığı nəticəsində KKTC-nin tanınması imkanları yaranmışdı. Doğu Akdenizdə təbii qaz nəqli məsələsində Türkiyə-İsrail yaxınlaşması, İsrailin bu qazı KKTC üzərindən nəql edə bilməsi imkanlarının gündəmə gəlməsi, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Kıbrıs adasına səfəri zamanı, özü də rum tərəfində görüşdən sonra “indi Quzeyə keçərək Cümhurbaşqanı Tatarla görüşəcəyəm” deməsi sıradan bir məsələ deyildi.
Bir sözlə, KKTC-nin bir dövlət kimi tanına bilməsi üçün ümidlər birə beş artmışdı. Lakin elə bu ərəfədə öncə maliyyə problemi bəhanəsi ilə KKTC-də aksiyaların keçirilməsi, sonra bu aksiyalarda UBP bayrağının yandırılması, nəhayət hakim partiya daxilndəki gərginlik ucbatından 26-cı hökumətin istefaya getməsi hər şeyin başa dönməsinə səbəb oldu. Hesab edirik ki, bütün bunlar heç də təsadüfi deyil. Görünür, KKTC daxilindəki beşinci kolon bütün cəbhələrdə hücuma keçib.