Son yeniləmə: 21 Aprel 2022 11:13
Şəmil Sadiq: “Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir
Bayraqdar.info – Hədəf STEAM Liseyinin qurucu-direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin bayraqdar.info-ya özəl müsahibəsi
Şagird yox, balabilgə deyərək, uşaqlara müraciət edirik
-Şəmil müəllim, bir az da tədrislə bağlı məsələlərə toxunaq. “Hədəf”in balabilgələrinin Azərbaycan miqyasında uğurları bəllidir, bəs beynəlxalq uğurlar barədə nə deyə bilərsiniz?
-Öncə təşəkkür edirəm ki, müsahibəyə gəlməzdən öncə bizim konseptlə yaxından tanış olmusunuz. Hər jurnalist belə etmir. Eyni zamanda sevinirəm ki, sizin kimi jurnalist də artıq bizim uşaqlara şagird yox, balabilgə deyir. Oxucularınız üçün aydın olsun deyə bildirim ki, Azərbaycanda məktəblilərə şagird deyilir.
Amma biz “Hədəf” olaraq bu məsələdə də milli möhürümüzü vurduq. Şagird yox, balabilgə deyərək uşaqlara müraciət edirik. “Niyə məhz balabilgə” deyə soruşsanız, qeyd edim ki, türk dünyasında elmli, ziyalı, çox oxuyan, müdrik insanlara bilgə deyirlər. Biz də uşaqlara deyirik ki, siz indi balabilgəsiniz, amma oxuyub bilikli insan olaraq böyüyəndə bilgə olacaqsınız. Konkret olaraq uğurlarla bağlı suala gəlincə, deyim ki, hazırda 4 yaşlı bir məktəbik. Amma buna baxmayaraq qısa müddətdə istər olimpiadalarda, istər beynəlxalq mühəndislik yarışlarında iştirak edirik.
Məsələn, “Hədəf” liseyinin balabilgələri artıq bir neçə ildir ki, “Sabahın alimləri” olimpiadasında yüksək yerləri tutur. Bu olimpiadada balabilgəmiz 2019-2020-ci il üzrə III yeri, 2021-2022-ci il üzrə II yeri tutub. Lütfi Zadə adına məntiq və riyaziyyat olimpiadasında Həsən İbrahimli (5-ci sinif ) II yer tutaraq gümüş medal qazanıb. Eyni zamanda Türkiyədə keçirilən İSTEAM mühəndislik müsabiqələrində də balabilgələrimiz dəfələrlə uğurlu nəticələr əldə ediblər. SASMO – Beynəlxalq Riyaziyyat Olimpiadasında balabilgəmiz Maqsud Niftiyev (3-cü sinif) qızıl medal qazanıb. Bundan başqa isə Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında 1, İOL Beynəlxalq Linqvistika olimpiadasında 7, Antalya 13-cü bilik olimpiadasında 4, ACM İCPC Beynəlxalq proqramlaşdırma olimpiadasında 4 balabilgəmiz uğurla çıxış edib.
Biz həmçinin ilk dəfə interaktiv elm mərkəzini yaradan və “Bakutel” sərgisində bu mərkəzlə iştirak edən bir liseyik. Bizdən başqa Azərbaycanda interaktiv elm mərkəzi yoxdur. Belə bir mərkəz ASAN xidmətlə Texniki Universitetin birgə əməkdaşlığı ilə ölkəmizdə yaxın vaxtlarda açılacaq. Amma mən sevinirəm ki, üç-dörd il əvvəl ilk dəfə məhz biz belə bir mərkəzi liseyin nəzdində açmışıq. Onu da deyim ki, həm özəl, həm də dövlət məktəbləri bizim liseyin elm mərkəzindən istifadə etməyə gəlirlər.
Bir sözlə, uğurlarımız çoxdur. Öz yaşımıza görə bu qədər uğur qazanmaq bizi sevindirir. Yaradılmış şəraitdən istifadə edib, bir vacib məqamı da vurğulamaq istəyirəm. Özəl məktəblərin bəzi liseylərdən fərqi var. Biz heç də həmişə məktəbə uşaqları seçib götürə bilmirik. Əslində, heç mən seçimin də tərəfdarı deyiləm. O mənada ki, ən yaxşı, bilikli uşaqları seçib onlardan bir məktəb təşkil etmək heç də qəhrəmanlıq deyil. Bizdə isə özəl məktəbdir, etiraf edək ki, daha çox maddi imkanlı ailələrin uşaqları oxuyur. Buna baxmayaraq onların icərisindən istedadlı uşaqlar çıxır. Biz liseyin pedaqoji kollektivi olaraq bu cür uşaqların çox olması üçün gecə-gündüz çalışırıq. Liseyə təhsil almağa gələn uşaqların içində uğur qazananların sayının çox olması üçün çalışırıq. Məsələn artıq iki ildir keçirdiyimiz imtahanlardakı nəticələrinə görə şagirdlərə 100 faiz, 70 faiz, 50 faiz güzəşt veririk. Bütün bunların fonunda bizim nəticələr çox yüksəkdədir. Son iki ilin buraxılışında balabilgələrimiz sadəcə liseydə hazırlaşaraq 100 faiz nəticə göstərib.
Amma təsəvvür edin ki, ödənişli bir təhsil verirsən, ən yaxşıları seçirsən və inkubator kimi daim onlar medallar gətirir. Bu uğur deyil, sadəcə özünü və cəmiyyəti aldatmaqdır.
Bir sözlə, biz liseydə təhsil alan bütün uşaqlarla işləyirik ki, onların hər biri lazımi bilik əldə edərək uğur qazana bilsinlər.
-“Teknofest”də də iştirak edirsinizmi?
-Bəli, iştirak edirik. Həm də Hədəf Liseyi olaraq burada böyük bir stendimiz olacaq. Orada təqdim edəcəyimiz maraqlı eksponatlarımız olacaq. Balabilgələrimiz də seçimlərdə iştirak edib, nəticələri gözləyirik.
Dərs zamanı balabilgələr özlərini səngərdə, real döyüş meydanında hiss edirlər
-Türk dünyasına qürur bəxş edən Zəfərimiz var. Bəs Hədəf Liseyinin Zəfər guşəsi varmı?
-Hədəf Liseyinin Zəfər guşəsi var. Biz bu guşəni təqribən qələbəmizdən iki ay sonra yaratdıq. Bizim “Dəmir yumruq” Zəfər otağı deyə ayrıca hərbi hazırlıq otağımız var. Bu otaq Azərbaycan məktəblərindəki hərbi hazırlıq otaqlarından ən yaxşılarından biridir. Mən bunu çəkinmədən deyirəm. Çünki biz həmin sinifi, həmin otağı sırf səngər döyüş meydanı səviyyəsində qurmuşuq. Dərs zamanı balabilgələr özlərini səngərdə, real döyüş meydanında hiss edirlər. Sinifin dizaynı da o formatda qurulub.
Həmçinin orda balabilgələrimiz özləri cənab Prezidentin dəmir yumruğunu 3D printerdə çap edib qapının üzərində vurublar. Bir də həmin sinifin bir divarı kiçik qənimətlər parkıdır. Döyüşlər zamanı Hədəf Liseyi olaraq cəbhə bölgəsinə dəstək aksiyaları keçirmişik. Mən də həmin vaxt savaşın getdiyi bölgələrimizə tez-tez gedib gəlirdim. Oradan bəzi əşyalar gətirirdim. Həm də qazi valideynlərimiz var ki, onlar da mənfur düşmənlərimzidən əldə edilən kiçik qənimətləri bizə veriblər. Bir divarımızı məhz o kiçik qənimətlərlə bəzəmişik. Çox maraqlı eksponatlarımız var.
Bundan başqa foyedə nəhəng xarı bülbülün fonunda Vətən müharibəsi şəhidlərinin şəklini yerləşdirmişik. Hər gün balabilgələrimiz o şəkilləri görür, bizə qələbə bəxş edən şəhidlərin xatirəsini yad edirlər. Onu da deyim ki, məktəbimizin bir müəllimi də Vətən müharibəsində şəhid olub. Şuşada şəhid olan Qoşqar bəy riyaziyyat müəllimimiz idi. Biz onun əziz xatirəsinə həsr edilmiş Qoşqar riyaziyyat bilik yarışı keçirmişik. Mənim köməkçim Mehdi müəllim qazimizdir. Məhəmməd müəllim də döyüşlərdə iştirak edib. Hazırda liseyimizdə 10 şəhid övladı ödənişsiz təhsil alır.
Bir də müharibə dövründə Hədəf Liseyi Qələbəyə dəstək hərəkatının fəal üzvlərindən biri oldu. Müharibə dövründə ordumuza və cəbhə bölgələrimizə yardımlar apardıq.
Buna görə YAŞAT Fondu da, Müdafiə Nazirliyi də bizə təşəkkür plaketi təqdim edib. Onu da deyim ki, balabilgələrimiz tarixi Zəfərimizin müjdəçisi olan, cənab Ali Baş Komandanın Vətən müharibəsi günlərində paylaşdığı tvit seçmələrindən ibarət xüsusi stend də hazırlamışdılar. Bu gün də o stend bir tarix kimi öz dəyərli yerini qoruyur.
-Sizin otağınızda çoxlu papaqlar var. Deyəsən, papaq kolleksiyası yaratmısınız…
-Bəli, dünya xalqlarının, xüsusilə də türk xalqlarının baş geyimlərinə böyük marağım var. Buna görə hər bir xalqın baş geyimi, baş örtüyündən bir örnək toplamağa çalışıram. Burada özbək, qazax, qırğız, noqay, macar, türkmən, osmanlı, uyğur baş geyimləri var.
Bunlar içərisində həm kişi, həm də qadın baş geyimləri var. Eksponatlar arasında qırğızların milli ornamentlə bəzədilmiş şapkası da var.
Yəni müasirliklə milliliyi bir araya gətiriblər. Yəqin ki, gələcəkdə papaq muzeyi açacam. Eyni zamanda, qədim əl işləri olan eksponatlar da var. Divardakı o Bozqurd rəsmini də qızım çəkib.
Liseyimizin oxçuluq klubu da var. Bu yay və ox da o klubdan hədiyyədir. O klubda balabilgələrimiz milli ənənəvi oxçuluq dərsləri keçirlər.
Biz papağı havaya atmırıq, başımızda, yaxud qolumuzun üstündə tuturuq
-Masanızın üstündəki buxara papaq da bu muzeyin baş eksponatıdır?
-Bu papağın ortasında “Hədəf”in simvolu var. “Hədəf konsepti”ndə millilik xüsusi önəm kəsb etdiyi üçün biz “Son zəng”imizi də özümüzəməxsus edirik. Çünki orta məktəblərdə adətən şagirdlər “Son zəng” günü Avropasayağı papaqları havaya atırlar. Amma bizim dəyərlərdə papağa böyük sayğı var. Biz papağı havaya atmırıq, başımızda, yaxud qolumuzda tuturuq.
Ona görə də biz “Son zəng”imizdə oğlanlara və qızlara milli Azərbaycan geyimini geyindiririk, oğlanlar başlarına ortasında “Hədəf”in simvolu olan buxara papaq, qızlar isə araxçın qoyurlar. Onlar bu papağı göyə atmırlar.
Tədbirin sonunda papaqlarını çıxarıb qolları üstünə qoyaraq hörmətlərini bildirmiş olurlar. Hesab edirik ki, müasirliklə ayaqlaşmaqla yanaşı milli dəyərlərimizə hörmətlə yanaşmalı, onları qorumalıyıq.
-Yan otaqda da musiqi alətlərinə rast gəldik. Bu musiqi alətlərinə maraq hardandır?
-Bu, əvvəla bir tanıtımdır. Qədim türk musiqi alətlərini həm də gələcək nəslə tanıdırıq. Burada dombra, qazaxların qıl qopuzu, Azərbaycanın tarı və sazı, Türkiyənin bağlaması var.
Burada eyni zamanda müasir dövrün musiqi alətləri – gitara, skripka, qaval və s. var. Dediyim kimi, bu, mənim həvəsim olmaqla yanaşı uşaqlarımıza keçmişimizin təlqini üçün vacibdir. Məsələn, mən qıl qopuzunun nə olduğunu 40 yaşımda bilmişəm. Amma bizim balabilgələrimiz artıq 8-9 yaşında bunun nə olduğunu öyrənirlər. Bəzən uşaqlarımız onları götürüb baxırlar, hətta ifa da edirlər. Bir sözlə, bura həm də musiqi otağı kimi istifadə olunur.
Tarix həmişə qiymətlidir
-Bəs bu köhnə radio?
-Mənim tarixə ciddi şəkildə marağım var. Bu radio da tarixə maraq, vallara həvəs baxımından dəyərlidir.
Ümumiyyətlə tarix həmişə qiymətlidir. Heç zaman unudulmamalıdır. Bu baxımdan bu radio da musiqi alətlərinin, musiqinin davamı kimi buradadır.
-Siz həm də kitab festivalının da təşəbbüsçülərindən birisiniz. Bəs gələcəkdə balabilgələrin kitablarından ibarət festival keçirmək barədə düşünürsünüzmü?
-Maraqlı ideyadır. Düzdür, belə bir festival düşünməmişik. Amma bir şey deyim. Mən həm də Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədriyəm. Festivalları da bu qurum vasitəsilə keçiririk. Bizim iki il əvvəl məktəbimizdə başlatdığımız “Bir şəhidin kitabı” adlı layihəmiz var və artıq o konseptimizə daxil olub. Hər il fevral ayında, təqribən 26 fevrala yaxın, müsabiqə elan olunur.
Balabilgələrimiz bir şəhid haqqında kitab hazırlayırlar. Həmin kitabda şəhid haqqında yazılır, sonra o kitab dizayn edilir və mətbəədə çap olunur. Bütün bu proseslər də məhz balabilgələrmiz tərəfindən reallaşdırılır. Sonra da o kitablar münsiflər heyətinə təqdim edilir. Qalib gələn mükafatlandırılır. Amma siz dediyiniz də yaxşı ideyadır, yəqin ki, gələcəkdə bunu da reallaşdıra bilərik. Məsələn, bunu “Öz kitabını yaz”, yaxud də elə “Bir şəhidin kitabı” başlığı ilə keçirə bilərik. Hətta bəlkə də bunu 1 İyin – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə sala bilərik.
-Nəhayət sonuncu sualım. Xarici dil otağını maraqlı dizaynda, avtobus formasında hazırlamısınız. Bunun anlamı nədir?
-Hər hansı xarici dili öyrənmək qiyabi olaraq o dilin daşıyıcısı olan xalqın yaşadığı diyara səyahət etməkdir. Biz də xarici dil otağımızı avtobus formasında dizayn etmişik. Yəni dərs zamanı balabilgələrimiz bir növ sanki avtobusda ölkələrə səyahət edirlərmiş kimi xarici dili öyrənirlər.
Amma orada da türklük faktorunu öndə tuturuq. Divar boyu müxtəlif ölkələrə məxsus fotolar düzülüb. Bu fotolara Orxon-Yenisey abidələri ilə başlayıb İstanbulla yekun vururuq. Türk yurdundan başladıb, türk yurdunda tamamlayırıq dil səyahətimizi.