Son yeniləmə: 21 Aprel 2022 14:55
Bayraqdar.info – Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib. Onlar effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.
Bu barədə bayraqdar.info-ya aprelin 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə Agentlik əlilliyi olan şəxsləri 13,1 min reabilitasiya vasitəsi ilə də təmin edib.
Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı sahəsində 2020-ci ilin dekabr ayından başlanan işlər cari ilin ilk rübündə də davam edib. Ümumilikdə həmin vaxtdan 270 nəfər müharibə əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.
Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı – “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq 3,8 minə yaxın şəxs bu sistemdən faydalanıb.