Son yeniləmə: 20 Aprel 2022 12:11
Bayraqdar.info – “Globaly Health” şirkətinin Sağlamlıq Kartı Azərbaycan vətəndaşlarının yüksək keyfiyyətli səhiyyə xidmətlərinə təhlükəsiz şəkildə çıxışı üçün unikal vasitədir. Bunu “Globaly Health” şirkətinin icraçı direktoru Fədakar Günsili kartın təqdimat mərasimində bildirdi.
Direktor qeyd etdi ki, hər bir sağlamlıq kartının təklif etdiyi üstünlüklərdən bir ailə yararlana bilər. O, sağlamlıq kartının müxtəlif əməkdaşlıq imkanları təmin edəcəyinə ümidvar olduğunu da söylədi.
Məlumat üçün bildirək ki, beynəlxalq sağlamlıq xidmətləri və sağlamlıq turizmi sahəsində geniş təcrübəyə malik olan “Globaly Health” şirkətinin Sağlamlıq Kartının aprelin 18-də Bakıda təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində millət vəkilləri, Türkiyə və Azərbaycandan iş adamları, diaspor təmsilçiləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edirdi.
Mərasimdə çıxış edən “Azərbaycan Qadınları” Mədəniyyət Mərkəzinin sədri Cəvahir Əhmədova Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini dedi. O, səhiyyə sahəsində işbirliyinin də müsbət nəticələr verdiyini vurğulayaraq, bu tədbirini həmin istiqamətdə atılan növbəti addım olduğunu bildirdi.
“Türkiyə ilə səhiyyə sahəsində aparılacaq təcrübə mübadiləsi Azərbaycanda bu sahənin daha da inkişafına geniş töhfə verəcək”. Bunu isə çıxışında Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı bildirdi.
ATEV sədri “Globaly Health” şirkətinin sözügedən kartının Türkiyəyə səfər edəcək Azərbaycan vətəndaşları üçün geniş imkanlar açacağını qeyd etdi.
Daha sonra çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yangın, millət vəkilləri Arzu Nağıyev və İlham Məmmədov da iki qardaş ölkənin səhiyyə sisteminin dünya standratlarına uyğunlaşdırılması üçün əməkdaşlığın önəmini vurğuladılar.
Çıxşlardan sonra “Globaly Health” Sağlamlıq Kartının təqdimatı həyata keçirildi. Şirkət partnyorlarından Mərve Can kart haqqında geniş məlumat verdi. Qeyd edildi ki, turistik səciyyə daşıyan sağlamlıq kartı Türkiyəyə səfər edənlər üçün geniş sağlamlıq xidmətlərini əlçatan edir.
Sağlamlıq kartı ilə Türkiyədə səhiyyə sahəsində indiyə qədər beynəlxalq vətəndaşlara təqdim edilməmiş yeni bir xidmətin təklif olunur. Belə ki, insanlar bu kartı almaqla eyni zamanda sağlamlıq sığortasına sahib olurlar.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün iftar yeməyi verildi.