Press "Enter" to skip to content

Mənzil bazarında qiymət artımı gözlənilir – EKSPERT

Nüsrət İbrahimov

Son yeniləmə: 20 Aprel 2022 16:42

Bayraqdar.info – “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında son 3 ayda qiymət artımı 1.68 faiz olub. Bu qiymət artımı əvvəlki ilin dövrü ilə müqayisədə bir qədər intensiv artımdır. Mən deyərdim ki, regionlarda qiymət artımı bütün seqmentlər üzrə Bakı şəhərindəki qiymət artımını üstələyib. Kommersiya obyektlərində qiymət artımı müşahidə edilməyib. Bu 3 ayda bağ evlərinin həm kirayəsində, həm də satışında bir sabitlik var. Amma Bakı şəhərində təkrar mənzil bazarında, yəni əvvəlki evlərdə qiymət artımı 0,32 faiz  müşahidə edilib”.

Bu sözləri bayraqdar.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, qiymət artımı əsasən torpaq sahələrində və ilkin mənzil bazarında müşahidə edilib: “Bu, əsasən tikinti bazarında qiymət artımı ilə əlaqəlidir. Ümumi tikinti materiallarında 19 faiz, əsas tikinti materiallarında 25 faiz qiymət artımı var. Sonunculara daş, sement, taxta, dəmir və dam örtükləri aiddir. Nəzərə alaq ki, ev tikintisinin 45 faizini bu materiallar təşkil edir”.

Ekspert qeyd edir ki, materialların daşınmasını, gömrük rüsumunu və s. də nəzərə alsaq qarşıdakı dövrdə həm tikinti materiallarında, həm də mənzil bazarında qiymətlərin artması qaçılmazdır. Ekspert bildirir ki, növbəti rübdə və illərdə biz bunu daha aqressiv şəkildə müşahidə edəcəyik.

Bakını Türkiyə və Rusiyanın şəhərləri ilə müqayisə edən N.İbrahimov vurğulayır ki, ötən illə müqayisədə Bakı qonşu ölkələrin şəhərlərindəki qiymət artımına nisbətən çox geri qalıb: “Mənzil bazarında qymət artımında İstanbul demək olar ki, rekord vurub. Burada qiymət artımı ötən il 40 faiz olub. Kirayə qiymətləri də keçən illə müqayisədə iki dəfə bahalaşıb. Rusiyada isə bu rəqəm 5-6 faiz təşkil edir. Bu il keçən ilki artımı üstələyəcək”.

Onun sözlərinə görə, Bakıda yeni tikililərdə 10 faiz qiymət artımı var: “Əvvəlki illərdə miqrasiya daha çox Bakıya olurdu. Əvvəlki 10 ili götürək. Son illərdə Bakıda iş yerlərinin artım tempi bir az aşağı düşüb. İndi regionlarda kənd təsərrüfatı inkişaf etdikcə əhali orada torpaq sahəsi götürüb ev tikməyə meyllənir. Mənzil almaq imkanı regionlarda daha münasibdir, nəinki Bakıda. Bu da regionlarda torpağın qiymətinin artmasına səbəb olur. İnsanlar regionlarda hazır ev almaqdansa daha çox torpaq sahəsi alırlar. Bu da torpağın qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Deyərdim ki, regionlardakı qiymət Bakı kəndlərindəki qiymətlərlə bərabərləşib və hətta onu üstələyib də”.

Azərbaycanın aqrar ölkəsi olmasını qeyd edən həmsöhbətimiz insanların əvvəlki illərlə müqayisədə əkinçiliyə meyllənməsini də təbii qarşılayır: “Qiymət artımı qaçılmazdır. Qiymətlər bir neçə faktorla ölçülür: dəyişən, sabit, orta çəki qiyməti. Bakıda etibarlılıq daha çoxdur. Qiymət artımını cilovlayan bir sistem işə düşüb. Lakin bir məsələni mütləq qeyd etməliyəm ki, hazırda yeni tikililərin həcminin azalmasını müşahidə edirik. Bu da gələcəkdə ümumi mənzil bazarında qiymət artımının 8 faiz artacağından xəbər verir. İlkin mənzil bazarında isə 13-14 faiz qiymət artımı olacağı qaçılmazdır”.

Mission News Theme by Compete Themes.