Son yeniləmə: 20 Aprel 2022 14:46
Bayraqdar.info – Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli siyasi dialoqa, dostluq münasibətlərinə əsaslanan əlaqələr daim inkişaf edir. Bunu Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, S.Babayevin Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinin yeni rəhbəri xanım Milica Buricin görüşü olub. Görüşdə Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev də iştirak edib.
S.Babayev M.Burici Monteneqronun ölkəmizdəki diplomatik nümayəndəliyinə yeni rəhbər təyin olunması münasibətilə təbrik edib. O, 2020-ci illə müqayisədə, 2021-ci ildə Azərbaycanla Monteneqronun ticarət dövriyyəsinin 3,75 dəfə artdığını qeyd edib.
Nazir Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətlər, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar və bu islahatların müsbət nəticələri barədə məlumat verib. İkitərəfli münasibətlərin inkişafı üçün yaxşı perspektivlərin olduğunu qeyd edən S.Babayev bu baxımdan Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
M.Buric ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın getdikcə genişlənməsinin məmnunluq doğurduğunu, ikitərəfli əməkdaşlığın daha geniş miqyas alması istiqamətində töhfəsini vermək üçün səylərini daim artırdığını bildirib.
Görüşdə iki ölkənin mövcud əməkdaşlıq əlaqələrinə və bu əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.