Son yeniləmə: 20 Aprel 2022 09:36
Bayraqdar.info – Xaçmazda “GS1 sistemi və ştrixkodların ixracda rolu, avtomatik identifikasiya texnologiyalarının əhəmiyyəti” mövzusunda seminar keçirilib. Seminar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsi çərçivəsində baş tutub.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata əsasən seminarda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. İştirakçılara biznesin effektivliyinin artırılmasında, uçot obyektlərinin identifikasiya prosesinin təkmilləşdirilməsində, informasiya axınlarının nizamlanmasında istifadə olunan “GS”1 sisteminin üstünlükləri barədə məlumat verilib.
Qeyd edilib ki, “GS1 Azerbaijan”nın nümayəndələri tərəfindən sistemin məhsul və xidmətlər barədə informasiyanı identifikasiya etmə imkanları, beynəlxalq ştrixli kodlaşdırma standartlarının ixracda rolu, eyni zamanda ixrac zamanı ştrixkodla bağlı diqqət edilməli məqamlar izah olunub. 15-dən çox sahibkarın iştirak etdiyi seminarda ştrixkod vasitəsilə uçot, inventarizasiya prosesinin aparılması əyani vasitələrlə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.