Press "Enter" to skip to content

“Fransızsayağı qarnir” və nostalgiya

"Fransızsayağı qarnir"

Son yeniləmə: 20 Aprel 2022 17:42

Bayraqdar.info – Bir anlığa zalı məşhur fransız müğənnisi Jo Dassenin ifa etdiyi xoş avazlı musiqiləri doldurur. Ardıcıl səslənən musiqilər adamı nostalgiyaya aparır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş edilir. Zaldayıq.

Pərdələr açılır. Səhnədə balet rəqqasələri fransız musiqisi sədaları altında rəqs edirlər. Onlarla birlikdə  Bernard da rəqs edir. Gənc qızların əhatəsində rəqs edən Bernard evə gəlir və xanımı Jaklin ona anasıgilə getməyə hazırlaşdığını bildirir. Sevinə-sevinə xanımının çamadananını gətirən Bernard onu tez-tələsik yola salmağa çalışır. Bu zaman Bernard Jaklinə yaxın dostu Robertin onlara qonaq gəldiyini və onu qarşılamaq üçün getməli olduğunu bildirir. Robertin adını eşidən Jaklin anasıgilə getməkdən imtina edir. Bernard buna təəccüblənir və dilxor olur. Sən demə, Bernardın dilxor olmasına səbəb Roberti öz sevgilisi Suzannanın ad gününə dəvət etməsidir. Ad günü isə Bernardın evində baş tutmalıdır.

“Fransızsayağı qarnir”

Qapı açılır və əynində plaş, başında şlyapa, əlində çamadan olan Robert içəri daxil olur. Sən demə, Robertlə Jaklin arasında sevgi macərası varmış. Onlar bir-birini görəndə hayıl-mayıl olurlar və Jaklin Robertə anasıgilə getməyin əslində onunla görüş üçün bəhanə olduğunu deyir.

Səhnədə bir-birindən maraqlı hadisələr cərəyan edir. Bernard Robertə Suzannanı evə dəvət etdiyini bildirir və deyir ki, Jaklin anasıgilə getmədiyi üçün Suzannanı Robertin sevgilisi kimi təqdim etməyə məcburdur. Robert bunu eşidəndə dəli olur və bu məsələni boynundan atmağa çalışır. O, məsələnin qəliz olduğunu görüb getmək istəyir, lakin Bernard ona yalvarır ki, Suzanna indilərdə gələcək, yoldadır. Onu bu vəziyyətdən çıxarsın, axı, onlar dostdurlar.

“Fransızsayağı qarnir”

Qapı zəngi. Evə orta yaşlı bir qadın gəlir. Robert həmin qadının Bernardın sevgilisi olduğunu zənn edir və ona deyir ki, Jaklin evdədir və ona görə özünü Suzannanın sevgilisi kimi qələmə verməlidir. Gələn isə aşpaz Süzettadır. O, eşitdiklərindən çaşıb qalır. Çünki o, aşpazdır. Bu an Bernard və Jaklin otaqdan çıxırlar, Süzetta özünü Robertin sevgilisi kimi təqdim edir.

Hadisələr yavaş-yavaş düyünlənməyə doğru gedir. Jaklin Roberti Süzettaya qısqanır və ona acı sözlər deməyə başlayır.

Bernard isə imkan tapıb Robertə deyə bilmir ki, bu qadın yox, Suzanna gələcək, o da özünü onun sevgilisi kimi təqdim etməli idi. Qarışıq vəziyyətdir.

Qapı zəngi. Bu vaxt bahalı şuba və başında şlyapa ilə Bernardın sevgilisi Suzanna  içəri daxil olur. Jaklin bu qızın kim olduğunu soruşur, Bernard da Suzannanın aşpaz olduğunu bildirir. Məsələdən xəbərsiz olan Suzanna təəccüb qalır və onu mətbəxə yemək bişirməyə göndərirlər. Vəziyyət bir qədər də qəlizləşir.

“Fransızsayağı qarnir”

Tamaşanın sonunda bütün məsələlərin üstü açılır. Süzettannın ərinin gəlişi ilə bir çox mətləblər aşkara çıxır. Məlum olur ki, Suzanna Bernardın sevgilisi olsa da, Robertlə bir-birinə laqeyd deyillər. Süzettanın əri gəlib öz aşpaz qadınını aparır. Bernard və Jaklin bir-birinə sevgi etirafı edirlər. Tamaşa xoşbəxt sonluqla başa çatır və tamaşadan cəmiyyətə verilən mesaj ondan ibarətdir ki, hərə öz ailəsi ilə daha xoşbəxt ola bilər.

Bir-birindən maraqlı səhnə epizodları ilə zəngin olan tamaşada gülməli məqamlar o qədər çoxdur ki, zalda alqış və gülüş səsləri bir-birinə qarışmışdı.

“Fransızsayağı qarnir”

…Tamaşada bir-birindən maraqlı rəqslər göz oxşayır. Rəqqasların xüsusi peşəkarlığı diqqət çəkir. Xüsusilə də rəqs zamanı akrobatik elementlər və bu rəqsin quruluşunun fransız səhnəsində olduğu kimi qurulması diqqətimizdən yayınmadı.

“Fransızsayağı qarnir”

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Əməkdar artist Svetlana Bulax (Süzetta),  aktyorlar Rauf Babayev (Bernard), Emil Heydərov (Robert), Eleonora Mustafayeva (Jaklin), Yuliya Heydərova (Suzanna), Firuz Məmmədov (Corc) və  Valeriya İsgəndərova ifa ediblər.
“Fransızsayağı qarnir” tamaşasından yüksək zövq aldıq.  Teatrın binasını xoş əhvalla tərk edib yolda tamaşanı müzakirə edə-edə evə getdik. Amma tamaşanın təsirindən qurtulmaq sadəcə mümkün deyildi.
“Fransızsayağı qarnir”
Mission News Theme by Compete Themes.