Son yeniləmə: 20 Aprel 2022 18:23
Bayraqdar.info – Aprelin 20-də Almatıda Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” – “KİTF 2022” sərgisi başlayıb. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti də sərgidə təmsil olunur.
Agentlikdən bayraqdar.info-ya verilən məlumata əsasən 22 aprelədək davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və “Duzdağ Hotel” iştirak edir. Azərbaycan stendində ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.
Qeyd edilib ki, milli stendlə yanaşı ölkəmizin sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur: “Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Orta Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir”.
Məlumatda vurğulanır ki, sərgi çərçivəsində təşkil olunan “Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və “Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər. Eləcə də sərgidə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bağlı xüsusi təqdimat keçirilib.
Bildirmək yerinə düşər ki, 2001-ci ildən etibarən hər il təşkil olunan “KİTF” sərgisi Orta Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-ə yaxın turizm şirkəti və təşkilatının qatılacağı gözlənilən sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.