Bayraqdar.info – Savaş başlayandan aprelin 19-na kimi Rusiya işğalçıları ən azı 205 Ukraynalı uşağı öldürüb. Eyni zamanda 367 uşaq yaralanıb.
Məlumatı aprelin 19-da Ukrayna Baş Prokurorluğu yayıb. Qeyd edilir ki, bunlar tam olmayan bilgilərdir.
Məlumatda o da bildirilir ki, işğalçıların Ukraynaya qarşı törətdiyi 7 min 280 müharibə cinayəti qeydə alınıb, araşdırılır. Eyni zamanda Ukraynanın milli təhlükəsizliyinə qarşı törədilmiş 3 min 326 cinayət əməli də qeydə alınıb.
Ukrayna Baş Prokurorluğu Rusiyanın yüksək rütbəli həbrçiləri və vəzifəli şəxslərindən ibarət 585 nəfərə qarşı şübhəli şəxs qismində araşdırmalara da başlayıb.
Qəhrəman Ukrayna ordusu fevralın 24-dən aprelin 19-dək keçən müddətdə işğalçı Rusiya ordusunun 802 tankını zərərsizləşdirib. Eyni zamanda 386 artilleriya qurğusu, 67 hava müdafiə vasitəsi döyüşməz hala gətirilib.
İşğalçı Rusiya qeyd olunan müddətdə 169 təyyarə, 150 helikopter itirib. Bundan başqa 1 min 495 avtomobil, 8 gəmi və kater, 76 yanacaq sisterni məhv edilənlər arasındadır.
Ukrayna ordusu əlavə olaraq düşmənin 155 PUA-sını, 26 xüsusi texnikasını, 132+4 zenit-raket kompleksini məhv edib.
Düşmənin 2 min 63 zirehli döyüş texnikası da zərərsizləşdirilib.
Bütün bunlarla bərabər Rusiya ötən müddət ərzində 20 min 800 nəfərə qədər canlı qüvvəsini də itirib.
Bu məlumatları Ukrayna rəsmi mənbələri yayıb.
Əlavə edək ki, işğalçılar da boş dayanmır. Əsasən dinc əhalinin kütləvi şəkildə öldürülməsi, kəndlərin və şəhərlərin büsbütün dağıdılması fonunda 10 minlərlə dinc Ukraynalının məhv edildiyi artıq öz təsdiqini tapıb.
Bundan başqa işğalçılar Ukrayna vətəndaşlarını zorla Rusiya ərazisinə köçürür. Artıq 850 mindən çox Ukrayna vətəndaşının Rusiyaya köçürüldüyü, onlardan 150 min nəfərinin uşaqlar olduğu rəsmən elan edilib. Bu məlumatı Rusiya tərəfi yayıb.
Ukrayna tərəfi əlavə olaraq məhv edilmiş yüksək rütbəli Rusiya zabitləri haqqında statistika da yayıb.
Aprelin 17-nə olan məlumata görə, ən azı 8 Rusiya generalı – 2 general-leytenant və 6 general-mayor məhv edilib. Əlavə olaraq 12 polkovnik, 24 polkovnik-leytenant da məhv edilənlərin arasındadır.
Daha sonra 45 mayor və 54 kapitanın məhv edildiyi bildirilir. Bundan başqa 64 baş leytenant, 41 leytenant da öldürülən Rusiya hərbçilərinin siyahısındadır.
[…] Ukrayna rus hərbçilərini, Rusiya Ukrayna uşaqlarını öldürür […]