Son yeniləmə: 19 Aprel 2022 17:37
Bayraqdar.info – Aprelin 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 1 yaşı tamam olur. Prezident İlham Əliyevin düz bir il əvvəl, 2021-ci il 19 aprel tarixili Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Qeyd edək ki, Agentlik qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Ötən bir il ərzində Agentlik qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra mühüm addımlar atıb. O cümlədən Agentliyin Müşahidə Şurasının üzvləri, həmçinin icraçı direktoru ona çalışıblar ki, QHT-lər həm məsələlərə daha məsuliyytlə yanaşsınlar, həm də onların üzləşdikləri hansısa problemlər vaxtında aradan qaldırılsın.
Xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında baş verən dəyişikliklərdən sonra bu sektora daha praqmatik yanaşma sərgilənir. QHT-lərin fəaliyyətinə əlavə stimul verən davamlı addımlar atılır, Müşahidə Şurası tərəfindən QHT-lərin problemlərini daha dərindən öyrənilməsi üçün davamlı işlər görülür, hətta konkret layihə həyata keçirilir. Təbii ki, bu da dövlətin, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimai təşkilatlara diqqətinin növbəti təsdiqidir.
Beləliklə, ötən bir il QHT-lərə Dövlət Dəstəyi Agentliyi üçün atılan mütərəqqi addımlar, reallaşdırılan layihələrlə yadda qalıb.