Son yeniləmə: 19 Aprel 2022 17:47
Bayraqdar.info – Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.