Press "Enter" to skip to content

500-dən çox funksiyanı icra edən orqan

Mətanət Cəfərova

Son yeniləmə: 19 Aprel 2022 11:22

Bayraqdar.info – “Qaraciyərin orta çəkisi 1,5 kq-dır və orqanizmdə 500-dən artıq müxtəlif funksiyanı icra edir. Qaraciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki bu xəstəliklər uzun müddət ərzində davam etdikdə serroz yarana bilər. Bu xəstəliyin əsas nəticəsi isə qaraciyər hüceyrələrinin tədricən ölməsidir. Bu zaman qaraciyər tədricən tələf olduğundan onunla birgə insan da həlak olur. Ölməmək üçün isə qaraciyərə qarşı daha həssas olmaq vacibdir”.

Bu sözləri bayraqdar.info-nun əməkdaşı ilə söhbətində terapevt-qastroenteroloq-hepatoloq Mətanət Cəfərova bildirib.

Həkimin sözlərinə görə, qaraciyərin işində baş verən istənilən pozuntu dərhal bütün orqanizmə mənfi təsir edir. Bu orqanın fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın 4/3 hissəsini xaric etdikdən sonra belə, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində özünübərpa funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.

M.Cəfərova bildirib ki, qaraciyər xərçənginə yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rastlanır. Xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə toxluq və şişkinlik hissi ilk yerlərdədir: “Özünü xəstə kimi hiss etmək, qarında narahatlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz. Xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də qaraciyərlə bağlı hər hansı xəstəliyiniz varsa, 6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan hepatit B daşıyıcılarına aiddir”.

Həkim onu da qeyd edib ki, Amerika Qastroenterologiya Birliyinin rəsmi klinik jurnalında nəşr olunan yeni araşdırma qəhvənin qaraciyər xərçəngi riskini azaltdığını müəyyənləşdirib. Araşdırmanın nəticəsinə görə, gündə üç stəkan qəhvə içmək qaraciyər xərçənginə tutulma riskini yüzdə 50 faiz azaldır.

Mission News Theme by Compete Themes.