Press "Enter" to skip to content

Əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir – 1

Son yeniləmə: 21 Aprel 2022 11:16

Şəmil Sadiq: “Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir

Bayraqdar.info – Bu gün sürətlə dəyişən və inkişaf edən hadisələr bizdən də daha çevik olmağı tələb edir. Şübhəsiz ki, gələcəyini düşünən, öz müstəqilliyini qorumaqda israrlı olan hər bir ölkə bu proseslə ayaqlaşmaq üçün davamlı addımlar atır. Ümumilikdə, dövlətlər dəyişən dünya düzəninə, həmçinin yeniliklərə hər an hazır olmaq üçün elmə, təhsilə xüsusi diqqət ayırırlar ki, bunun da ilkin addımı ibtidai və orta təhsil illərində atılır. Bu baxımdan Azərbaycanda da müasir innovasiyalara üstünlük verən orta məktəblərin, lisey və kolleclərin fəaliyyəti diqqət mərkəzindədir.

“Hədəf”in balabilgələri dərs zamanı

Çəkinmədən qeyd edə bilərik ki, bu sırada Hədəf Liseyi müsbət mənada fərqlənir. Azərbaycanda ilk dəfə STEAM konseptini tətbiq edən Hədəf Liseyi 2018-ci ildə təsis edilib və hazırda bu təhsil ocağında 524 şagird təhsil alır. Hədəf STEAM Liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin bayraqdar.info-ya özəl müsahibəsində bu təhsil ocağının uğurlarının sirri, həmçinin, digər suallara cavab almağa çalışdıq. 40-dan çox elmi-metodik, 8 bədii kitabın, 100-ə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisi olan, 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, 2006-cı ildə kurikulum üzrə milli məsləhətçi kimi çalışmış, həmçinin Fənlərin Dostluğu Olimpiadası, Oxu Günü, Anamın kitabı pyes müsabiqəsi kimi layihələrin müəllifi və icraçısı olmuş Ş.Sadiq Təhsildə İnteqrativ Qiymətləndirmə adlı yeni metodunun (ŞİM-Şagird İnkişafının Müşahidəsi) müəllifidir.

Müxtəlif sahələri əhatə edən cavablarla zəngin müsahibənin oxucular tərəfindən maraqla qarşılanacağına əminik.

Dünyanın ədalətli insanlara ehtiyacı var

Fərqlənən balabilgələri şəxsən qurucu-direktor özü mükafatlandırır

-Şəmil müəllim, öncə ondan başlayaq ki, “Hədəf”in hədəfi nədir və bu günə kimi o hədəfin neçə faizinə çatmısınız?

-Çox gözəl və ağır sualdır. Amma mənim dünyagörüşümə görə hədəf bəlli osa da hədəfə gedən yolda daha doğru, düzgün işləməlisən. Əgər konkretləşdirsək, deyə bilərəm ki, “Hədəf”in hədəfi cəmiyyətə və bəşəriyyətə faydalı insan yetişdirməkdir. Mən müxtəlif sahələrdə çalışsam da özümü daha çox müəllim hiss edirəm. 20 nömrəli məktəbdə başlayan dövrdən hiss edirəm ki, ruhumda müəllimlik daha çoxdur. Bu baxımdan bizim hazırda yaşadığımız dünyanın, ölkəmizin, regionumuzun vicdanlı, ədalətli insanlara ehtiyacı var. Bu cür insanları da elmlə, təhsillə yetişdirib müəyyən hədəfə çatmalıyıq. Bu məqamda tarixə də ekskurs etmək istəyirəm. Bu gün geriyə baxanda görürəm ki, “Hədəf”lə başlayan 15 illik (öncə Hədəf kursları, sonra isə lisey) bir yol var. Ümumilikdə isə 20 illik təhsil karyeram var. Bu müddətdə hədəfimizə getdiyimiz yolda büdrəməmişik. Hesab edirəm ki, istər təhsil və sosial layihələrimizin, istərsə ideoloji fikirlərimizin ortaya qoyulması, xalq, dövlət adına çalışmalarımız qənaətbəxşdir. Təbii ki, bu, mənim qənaətimdir. Cəmiyyət buna necə baxır, kənardan necə görünür, onu artıq deyə bilmərəm. Amma biz – mən və komandamız hər şeyin yaxşı olması üçün əlimzidən gələni edirik. Bu baxımdan hələ ki, hədəfdən yayınmırıq.

COVID-19 insanlarda bir tənbəllik yaratdı

Sərbəst oxu zamanı

-Liseylə bağlı məsələlərə bundan sonrakı suallarda yenidən toxunacağıq. Amma sizin “özümü daha çox müəllim hiss edirəm” sözünüzdən irəli gələrək bir sual vermək istəyirəm. COVID-19 pandemiyası təhsil üçün hansı arzuolunmaz vərdişi gətirdi, yaxud hansısa qara iz qoydumu?

-COVID-19 istənilən halda qara iz qoydu. Bu qara izin içindən işığı tapmaq da olar. Amma ümumiyyətlə qara izdir. Arzuolunmaz vərdişə gəlincə, dünya təhsili xeyli çətinliklər yaşadı. İnsanların sosial mühitdəki münasibətlərinə mənfi təsir elədi. Ən əsası COVID-19 insanlarda bir tənbəllik yaratdı. Bu pandemiya təhsil sahəsini iki illik bir yuxuya verdi. İndi gəldik canlı ünsiyyətə; bu məsələdə təhsil alanların da, təhsil verənlərin də itirdiyi ənənəvi metodlar var. O itirilən ənənəvi metodlar artıq toqquşma mərhələsinə gətirib çıxardı. Sinifin idarə olunması, şagirdlərin sinifdə özünü idarə edə bilməsi ilə bağlı məsələlər pandemiyadan sonra təhsildə ciddi çətinliklər yaradan amillər oldu. Amma pandemiyanın yaratdığı yaxşı tərəflərdən biri odur ki, şagirdləri və müəllimləri internet resurslarından faydalı istifadəyə yönəldə bildi. İndi əksəriyyət bilir ki, ali təhsilini uzaq bir ölkəyə getmədən də – distant ala bilər. Yaxud əgər bir şagird xəstədirsə dərsə onlayn qoşula bilər. Bu sıranı çoxaltmaq olar. Ümumilikdə qeyd edim ki, bunlar, əslində, dünya təhsilinə fayda verən amillərdən oldu. Amma bəşəriyyət həmişə canlı ünsiyyətə acdır və buna ehtiyacı var. Bu baxımdan pandemiya ünsiyyətin azalması dövrünü bir az da sürətləndirdi.

Liseydə bayram tədbirləri də bir başqa cür olur

-Pandemiyaya kimi adətən “dünyanı elmli adamlar idarə edir” fikri hakim idi. Amma sanki o qara xətti yaradanlar artıq elmi və elmli adamları idarə edirlər…

-Ustadım İsa Muğannanın bir sözü vardı. O deyirdi ki, dünyanı elm xilas edəcək. Amma təəssüflər olsun ki, elm həmişə ya kapitalistin, ya menecerlərin, ya biznesmenlərin əlində olub. Dünyanı idarə edənlər də o şəxslərdir. Elm də onlara xidmət edir. İndi o şəxslər – kapitalistlər, dünya gücləri, maliyyə gücləri insanpərvər, humanist olanda o elm cəmiyyət, bəşəriyyət üçün faydalı xidmətə yönəldilə bilər. Olmayanda isə elmdən yanlış yöndə istifadə olunur və bu, cəmiyyətə, bəşəriyyətə faydasız olur. Pandemiya ilə bağlı tam təsəvvür, nəticə ortada yoxdur. Bununla belə, istənilən halda insanlıq bir keçid dövründədir. Texnologiya, elm çox ciddi şəkildə, sürətlə inkişaf edib. Amma insan hələ ona çata bilməyib.

“Hədəf” Azərbaycanın milli brendidir

Hər şey “Hədəf konsepti”ni öyrənməkdən başlayır

-Burdan keçək liseyinizə. Bu gün Azərbaycanda çoxlu sayda dövlət və özəl orta məktəbləri var. Deyək ki, mən bir atayam. Sizin liseyi niyə seçməliyəm?

-Cəmiyyətimiz asanlıqla araşdırmaq, nəyin necə olduğunu öyərnmək imkanına malikdir. Hər kəs hər şeyi yaxşı görür və bilir. Buna görə də siz ortaya bir iş qoyursunuzsa onu güclü etməlisiniz. Konkret bizə gəlincə, öncə onu deyim ki, siz “Hədəf”i ona görə seçməlisiniz ki, bu liseyin rəhbəri Şəmil müəllimdir. Ş.Sadiq təhsil adamıdır, müəllimdir. O, buranın həm müəllimidr, həm direktorudur, həm də sahibidir. Bütün özəl liseylərdən əsas fərqimiz budur məncə. Yəni bu liseydə işin başının üstündə dayanan hansısa biznesmen, iş adamı deyil, məhz müəllimdir.

Şəmil Sadiq deyir ki, təhsildə səmimiyyət əsas şərtlərdən biridir

-Yəni sifarişçi də, icraçı da pedaqoqdur…

-Birmənalı şəkildə. Məsələn, ola bilər ki, biri biznesmendir, restoran açmaq istəyir. Amma o restoranı bir aşpaz açanda nə qədər möhtəşəm olur? Çünki öz işinin sahibi, öz işinin ustası olur. Bizim özəlliyimiz odur ki, əvvəla “Hədəf ”Azərbaycanın milli brendidir. Yəni sıfırdan, doğal yolla inkişaf edən bir şirkətik. İkincisi, mən öz arzularımı, öz ideyalarımı, təhsilin faydalı olacağına inandığım konsept əsasında qurmuşam. Bu sistemi də ona uyğun idarə edirik. Bəlkə də yeganə liseydir ki, öz konsepti var. Bizim “Hədəf konsepti” deyə kitabımız var. O kitab müəllimlərin stolunun üstündə olur, müəllimlər ildə bir dəfə “Hədəf konsepti”indən imtahan verir. Şagird, müəllim, valideyn dairəsinin tərəfləri ilə münasibətlərin qurulması, məktəbin idarə edilməsi, təhsilə yanaşmamız, hamısı onun içərisindədir.

Türk oğlu türklər

Ümumilikdə fantastik bir şey etməmişik. Sadəcə biz ümumi mütərəqqi ideyaları toparlayıb ən yaxşılarının üzərindən regional xarakterə uyğun bir sistem qurmuşuq. Birinci hədəfimiz odur ki, şagird məktəbdə xoşbəxt olmalıdır. Çünki uşaqlıqda belə bir fikir formalaşır ki, məktəb sanki bir gestapodur. Amma mən onun üzərində dayanıram ki, şagird məktəbə sevə-sevə gəlsin, məktəbdən evə getmək istəməsin. Bunu bacara bilsək, demək ki, işin 50 faizni görmüşük. Sonra da qalır onun içini doldurmaq. İçini doldurmağa gəlincə, dediyim kimi “Hədəf konsepti”miz var, lisey mühəndislik yönümlüdür, STEAM konseptini Azərbaycana ilk gətirən Hədəf Liseyidir. Azərbaycanda açılan ilk özəl məktəbdir ki, burada STEAM laboratoriyaları var. Bir də bizim əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir. Yəni dərsi dərsdə praktik öyrənmək.

Onlar mədəniyyətimizi də dərindən öyrənirlər

Uşaqlara görə Dədə Qorqud bir babadır

“Hədəf”in türk çadırı

-Hədəf həm də kökümüzə, türklüyümüzə bağlı olan bir lisey kimi tanınır. Mən içəri girəndə türk çadırını gördüm. Şagirdlər orda dərs oxuyurdular. O türk çadırının bir məsuliyyəti var. Bəs, şagirdlər o məsuliyyətin öhdəsindən gələ bilirlərmi?

-Mən ciddi şəkildə qadağaların tətbiqinin tərəfdarı deyiləm. Qərbdə uşaqlara sərbəst imkan üçün şərait yaradılır, Şərqdə isə qorxu, qadağa höküm sürür. Bizim məktəbdə belə deyil. Məsələn, bizə görə Dədə Qorqud nə qədər böyük, müqəddəsdirsə, uşaqlara görə bir babadır. Bir nəvə babası ilə necə rəftar edirsə, burda da elə olmaldır. Yəni uşaq babasının boynuna da minə bilər, üzündən də öpə bilər.

“Hədəf”in balabilgələri türk kimliyinin sirlərini Qorqud otağında öyrənirlər

Mən bunun tərəfdarıyam. Hətta gücüm olsa liseyin həyətində bir Dədə Qorqud heykəli qoyduraram, onun qucağına bütün günü uşaqaların oturmasına imkan verərəm. Uşaqlara görə Dədə Qorqud bir babadır. Babanın da qucağında hər zaman uşaqlar oturur. O baxımdan mən çadırın da qapısını açıq qoymuşam. Bir də ictimai məsuliyyəti aşılamaq istəyirik. Təsəvvür edirsinizmi, ora bütün günü açıqdır. Amma bu vaxta kimi ordan bir şey də yoxa çıxmayıb, yaxud da qırılmayıb. Sadəcə bu çadırla bağlı uşaqlardan bir istəyimiz var. Dədə Qorqud çadırına girdinsə ilk işin bardaş qurub oturmaq olmalıdır.

Türk çadırında mütləq bardaş qurub oturmalısan

Bardaş qurub oturdunsa, deməli bu çadırın haqqını verdin. Bir sözlə o çadır da elə bil ki, onların öz evidir. Biz bu çadır vasitəsilə həm də uşaqlara hardan gəldiyimizi, milli kimliyimizi öyrədirik.

Əsas yanaşmamız “Gör, toxun, et” prinsipidir – 2

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.