Son yeniləmə: 18 Aprel 2022 11:32
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtının geyim nümunəsi olan arxalığa həsr olunub.
Mədəniyyət Nazirliyindən aprelin 18-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, arxalıq Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilirdi. Adından göründüyü kimi, arxalıq qadınların sinə nahiyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü.
“Üst geyimi olan arxalıq əsasən qiymətli parçalardan – tirmə, tafta, məxmər, atlaz, xara, zərxara və s. tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi.
“Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları “nilufər qollu” (yelpazəli) olurdu. Dirsəyə qədər düz olan nilufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi.
“Bel kəsiyinin formasına, yaxa və ətəyinin səciyyəsinə görə qadın arxalıqları bir-birindən fərqlənirdi. Azərbaycanın etnoqrafik bölgələri arasında öz biçim tərzinə, şux rənglərinə görə seçilən Qarabağ geyimləri mühüm yer tutur.
“Şəkildə təsvir olunun arxalıq XX əsrin əvvəlinə aiddir. Nümunə tirmə parçadan hazırlanaraq bafta və qaragözlə bəzədilib”, – deyə xəbərdə bildirilir.