Son yeniləmə: 18 Aprel 2022 09:15
Naqif Həmzəyev: Həm dərsliklərimiz hərbi vətənpərvərlik ruhunda hazırlanmalı, həm də hərbi hazırlıq və bədən tərbiyəsi dərsləri daha praktik, daha faydalı formada olmaldır
Bayraqdar.info – “44 günlük Vətən müharibəsində rəşadətli ordumuz döyüşərək, vuruşaraq, canı-qanı bahasına torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bu tarixi hərbi qələbəni siyasi və diplomatik qələbəyə də çevirə bilmişik. Bu gün postmüharibə dövründə Azərbaycan çox uğurlu fəaliyyətlər həyata keçirməkdədir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da dirçəlmənin şahidi oluruq. Ən qısa zamanda keşmiş məcburi köçkünlər və qaçqınlar da öz ata-baba yurdlarına qayıdacaqlar”.
Bunu bayraqdar.info-nun “postmüharibə dövründə orta məktəblərdəki hərbi hazırlıq dərsləri ayda bir dəfə hərbi hissələrdə açıq dərs formasında keçirilsin” təklifinə münasibət bildirən millət vəkili Naqif Həmzəyev deyib.
“Ümid edirik ki, tezliklə Ermənistanla sülh müqaviləsi də bağlanacaq”, deyən millət vəkili bununla yanaşı düşmənin kimliyinin unudulmamasının vacibliyini vurğulayıb: “Cənab Prezidentin də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında bəyan etdiyi kimi biz heç vaxt bu işğalı, erməni vəhşiliyini, 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını unutmamalıyıq. Bunlar həmişə bizim yaddaşımızda olmalıdır. Dövlət başçısının çıxışında bildirdiyi kimi, məsuliyyətli insanlar kimi həmişə hər şeyə hazır olmalıyıq. Məhz buna görə də müharibədə Zəfər qazanmağımıza baxmayaraq, postmüharibə dövründə də hərbi xərclərimizi qətiyyən azaltmadıq. Əksinə, hərbi xərclər artırıldı”.
N.Həmzəyevin sözlərinə görə, bu gün də Azərbaycan ordu quruculuğu işini ən yüksək səviyyədə və ən müasir tələblərə cavab verəcək formada həyata keçirməkdədir: “Yeni qoşun növünün – Komando növünün yaradılması da bu istiqamətdə atılan addımlardandır. Bir sözlə, biz bu tarixi Zəfəri, qələbəni əldə etməyimizi gücümüzə, xalqımızın birliyinə borcluyuq. Bu birliyin davamlı, ordumuzun hər an güclü olması üçün isə gənclər postmüharibə dövründə də hərbi vətənpərvərlik ruhunda yetişdirilməlidir. Onlar hərbin sirrini öyrənməlidir və ən əsası da müasir, peşəkar ordu quruculuğunu davam etdirməliyik”.
Deputat qeyd edib ki, bu baxımdan gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi işi orta məktəblərdən başlanmalıdır: “Daha dəqiq desək, müharibədən əvvəl olduğu kimi sonra da orta məktəblərdə bu sahəyə diqqət ayrılmaldır. Həm dərsliklərimiz hərbi vətənpərvərlik ruhunda hazırlanmalı və dərslər keçilməli, həm də hərbi hazırlıq və bədən tərbiyəsi dərsləri daha praktik, daha faydalı formada olmalıdır. Bu dərslər xüsusi hərbi hissələrdə və yaxud poliqonlarda keçilməli, praktik dərslərə üstünlük verilməlidir. Belə olan təqdirdə məhz o şagirdlərin içindən gələcəyin peşəkar hərbçiləri çıxar. Bu baxımdan da təklif edərdim ki, orta məktəblərdə hərbi vətənpərvərlik və hərbi hazırlıq dərslərinin keçirilməsinə xüsusi diqqət ayrılsın. Necə ki, gənclərimiz, indiki şagirdlərimiz bu günə kimi milli ruhda yetişdirilib, tərbiyə olunub, bu gündən sonra da həmin siyasət davam etdirilməlidir. Bir daha deyirəm ki, biz qətiyyən arxayınlaşmamalıyıq. Hər zaman ayıq-sayıq, hazırlıqlı olmalıyıq ki, bundan sonra heç kim, heç bir ölkə bir daha Azərbaycana qarşı işğalçılıq əməlinə əl atmağa cürət etməsin”.