Son yeniləmə: 18 Aprel 2022 16:21
Bayraqdar.info – 23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək. Festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.
Bu barədə bayraqdar.info-ya Təşkilat Komitəsindən məlumat verilib.
Bildirlib ki, festival təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.
“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda bu dəfə otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.
Zəngin proqrama malik tədbir çərçivəsində oxucular “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşaya, sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşə,tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüşə, məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirə, hmçinin digər maraqlı aksiyalarda iştirka edə bilərlər.
Məlumatda o da bildirilir ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur: “2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib. Əlavə məlumat üçün bildirək ki, sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək. Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur. Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir”.