Press "Enter" to skip to content

Azərbaycanın ən qədim arxeoloji abidələrindən birinə aid monoqrafiya Almaniyada

AMEA

Son yeniləmə: 18 Aprel 2022 11:39

Bayraqdar.info – Azərbaycan və Yaponiya arxeoloqlarının son 15 il ərzində Azərbaycan ərazisində apardığı arxeoloji tədqiqatlarının nəticələrinə həsr olunmuş ikinci fundamental əsər ingilis dilində Almaniyada nəşr edilib.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitututunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyevin bayraqdar.info-ya verdiyi məlumata görə, Orta Şərqdə aparılan arxeoloji tədqiqatlar üzrə ixtisaslaşan, dünyanın nüfuzlu elmi təsisatlarından biri, mərkəzi ofisi Berlində yerləşən “Ex oriente e.V.” Elmi Cəmiyyəti tərəfindən Azərbaycanın səkkiz min il yaşı olan Hacıələmxanlı neolit dövrü məskəninin (Tovuz rayonu) təqiqatlarına həsr həsr edilmiş monoqrafiyanı nəşr edilib. İngilis dilində olan “Hacıələmxanlı təpə, Qərbi Azərbaycanda Erkən Neolit məskəninin arxeoloji tədqiqatları” (Hacı ElamxanlıTepe, The Archaeological Investigations of an Early Neolithic Settlement in West Azerbaijan) monoqrafiyasının müəllifləri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev, Tokio Universitetinin tarixə qədərki arxeologiya üzrə professoru, həmin qurumun arxeoloji muzeyinin direktoru, doktor Yoşihiro Nişiaki və Naqoya Universitetinin professor assistenti, fəlsəfə doktoru Seyci Kadovakidir.

Arxeoloq-alim Fərhad Quliyev onu da qeyd edib ki, professor Yoşihiro Nişiaki həm də ötən il İngiltərənin Oksford şəhərində yerləşən məşhur “Archaeopress” beynəlxalq elmi nəşriyyatı tərəfindən nəşr edilmiş Azərbaycanın 8 min il yaşı olan Göytəpə qədim yaşayış yeri (Tovuz rayonu) haqqında fundamental monoqrafiyanın (“Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” / Göytepe: Neolithic Excavations in the Middle Kura Valley, Azerbaijan) həmmüəllifləridirlər.

“Qəbul edilmiş beynəlxalq təcrübəyə əsasən, Göytəpə neolit abidəsinə həsr edilmiş kitabın yayım siyasətində olduğu kimi, Hacıələmxanlı erkən neolit abidəsinin tədqiqatları barədə yeni nəşr edilmiş ikinci fundamental monoqrafiya da dünyanın elmi mərkəzlərinin nəzdindəki elmi kitabxanalara göndərilməkdədir”, – deyə o bildirib.

Monoqrafiya barədə məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.