Press "Enter" to skip to content

6 dildə danışa, 20 dildə mahnı oxuya bilən sənətçi

Leonida Timuş

Son yeniləmə: 18 Aprel 2022 18:06

Leonida Timuş: Xarici dil öyrənməyin ən yaxşı vasitələrindən biri də müxtəlif dillərdə gözəl mahnılar oxumaqdır

Bayraqdar.info – Onun haqqında ilk dəfə Türkiyədəki dostumuz, Eskişehirin dəyərli ziyalılarından olan, Türk Dünyası Platformu və Turan Dünyası Eğitim ve Kültür Derneğinin başqanı Oral Büyüksarıdan eşitdik.

Ne mutlu garibanların sofrasında yer alanlara

O.Büyüksarının “Hazırda maraqlı bir qonağımız var. Damarında türk qanı axan, əslən Moldovadan olan müğənni Leonida Timuş Çingiz Aytmatov muzey-kafesində təşkil edəcəyimiz iftar proqramının bədii hissəsində çıxış edəcək”, sözləri marağımıza səbəb oldu. Beləliklə, Oral bəyin vasitəsi ilə L.Timuşla əlaqə saxlayıb, ondan bayraqdar.info üçün müsahibə aldıq.

Öncə onu deyək ki, 17 may 1998-ci ildə Moldovanın Kişinyov şəhərində anadan olan Leonida xanımın ana nənəsi moldovalı, ana babası rus, ata babası qaqauz türkü, ata nənəsi isə polyakdır.

L.Timuş hələ 3 yaşı olarkən mahnı oxumağa, 6 yaşından isə rəqs etməyə başlayıb. İbtidai təhsilə başladığı illərdə sənətə marağı daha da artıb, skripka və fortepiano təhsili alıb. 2010-cu ildə Kuhneşti Sənət Məktəbini müvəffəqiyyətlə bitirib. Hazırda İstanbul Universitetinin Radio, TV və Kino fakültəsində təhsil alır. Xarici dillərə də marağı olan L.Timuş 6 dildə çox gözəl dərəcədə danışa, 20 dildə mahnı oxuya bilir.

2013-cü ildə teatr və aktyorluq dərsləri də almış L.Timuş ilk səhnə fəaliyyətinə əvvəl Toader Bubuiog, sonra Mixail Berezovski adına liseylərin xorlarında solist kimi başlayıb. Bu günə kimi bir sıra mükafatlar alıb. Beləliklə, onunla müsahibəni oxucularımıza təqdim edirik.

Sənətin hər növü ilə maraqlanıram

-İlk dəfə musiqi ilə neçə yaşınızda tanış olmusunuz?

-Demək olar ki, həyatı dərk edəndən. Hələ 3 yaşımda olarkən mahnı oxumağa, 6 yaşımda isə rəqs etməyə başlamışam. Orta məktəbin ilk illərində sənətə olan marağım daha da artdı. Skripka, piano və not dərsləri almağa başladım. Bununla yanaşı Kuhneşti Sənət Məktəbinin xorunda ifa edirdim. 2010-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirdim. Bu sırada müxtəlif müsabiqələrdə qalib oldum. Peşəkar musiqi təhsili aldım. Bir neçə ildir peşəkar şəkildə mahnı oxuyuram. Amma sənətin hər növü ilə maraqlanıram.

Anamdan ayrı yaşamaq mənim üçün ağır idi

-Artıq bir neçə ildir ki, Türkiyədə yaşayırsınız. Bu ölkəni seçməyinizə səbəb nədir?

-Əvvəllər Türkiyəyə tez-tez gəlirdim. Türkiyə hər yönü ilə ən çox sevdiyim ölkələrdən biridir. 2015-ci ildən isə birdəfəlik olaraq uzun illər burada yaşayan anamın yanında qaldım. Anamdan ayrı yaşamaq mənim üçün ağır idi. Təhsilimi də burda davam etdirməyə qərar verdim. Hazırda İstanbul Universitetinin Radio, TV və Kino fakültəsində təhsil alıram.

-Bildiyimiz qədər 6 dildə danışa, 20 dildə mahnı oxuya bilirsiniz…

-Uşaqlıqdan əcnəbi dillərə maraq göstərən biriyəm və bu gün də o maraq qalır. Bəli, 6 dili çox yaxşı şəkildə bilirəm. Eyni zamanda 20 dildə mahnı və ya ilahilər, fərqli tərzlərdə əsərlər səsləndirirəm. Doğru tələffüz məsələsində isə dünyanın müxtəlif nöqtələrindəki dostlarım mənə yardımçı olur. Qeyd edim ki, Moldovanın təhsil sistemi çox yüksək səviyyədədir və şagirdlər hansı istiqamətdə inkişaf etmək istəyirlərsə, onlara bununla bağlı hər cür imkan yaradılır. Hələ orta məktəbdə ana dili rumın dili olmaqla yanaşı rus və ingilis dili dərsləri alırdım. Sonra fransız dilini öyrənməyə başladım. Təkcə məktəbdə deyil, davamlı olaraq internet üzərindən də dərslər alırdım və ya müxtəlif dillərdə kitablar oxuyurdum. Çox səyahət etdim və İtaliyaya gedəndə qısa müddətdə italyanca yaxşı səviyyədə danışmağa başladım. Türkiyədə məskunlaşanda təxminən 2 ay sonra türkcə öyrəndim. Hələ də hər gün yeni bir şey öyrənirəm.

Bu, artıq mənim həyat tərzimə çevrilib. Hazırda ispan və ərəb dillərinə maraq göstərirəm və boş vaxtlarımda öyrənirəm. Bu illər ərzində o qənaətə gəlmişəm ki, xarici dil öyrənməyin ən yaxşı vasitələrindən biri də müxtəlif dillərdə gözəl mahnılar oxumaqdır. Dil öyrənməklə yanaşı kitablar oxuyuram, bəzən mahnı yazıb-bəstələyirəm. Mən çox sosial insanam və bu dilləri unutmamaq üçün həmişə dostlarımla danışıram, oxuyuram, bildiyim bu dillərə müxtəlif əsərləri tərcümə edirəm. İndiyə qədər öyrəndiklərim məni Türkiyə mədəniyyətini bütün dünyaya tanıtmaq xəyalıma yaxınlaşdırır. Eyni zamanda rəsm çəkirəm.

Azərbaycan musiqisinin özünəməxsus ruhu var

-Azərbaycanda heç oldunuzumu və ümumiyyətlə ölkəmiz haqqinda düşüncələriniz necədir?

-Azərbaycanda heç vaxt olmasam da oradan çoxlu dostlarım olduğu və türk dünyası ölkələri ilə maraqlandığım üçün ölkəniz haqda çox şey bilirəm. Məsələn, bilirəm ki, paytaxt Bakı şəhərinin adının mənası küləklər şəhəri deməkdir. Bakı dünyada nüfuzlu mədəni, sosial, idman yarışlarına, o cümlədən Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və Formula 1 yarışlarına ev sahibliyi edib. Azərbaycan iqlimi ilə dünyanın ən qeyri-adi ölkələrindən biridir. Palçıq vulkanları haqqında məlumatlar oxumuşam və bu vulkanlar mənə çox maraqlı gəlir. Azərbaycan dini və mədəni azadlıq baxımından ən inkişaf etmiş ölkələrdən biridir və savadlılıq səviyyəsi yüz faizə yaxındır. Bilirəm ki, türk yurdu olan bu möhtəşəm ölkədən hər kəs heyran olaraq ayrılır. Əminəm ki, inşallah ən qısa zamanda ora getmək imkanım olacaq. Azərbaycan bütün çətinliklərə sinə gərərək daim dik dayanan qardaş ölkədir.

-Bəs Azərbaycan musiqisi haqqında bilginiz varmı?

-Təbii. İfalarını sevə-sevə dinlədiyim bir çox sənətçilər var. Rəşid Behbudovun, Lalə Məmmədovanın, Azərinin ifalarını çox bəyənirəm. Azərbaycan melodiyaları çox özəldir, musiqinin özünəməxsus ruhu var. Daim Azərbaycan musiqisini dinləyirəm və bir neçə parça oxuyuram. Bunların arasında “Ayrılıq”, “Yandırdın qəlbimi”, “Sən gəlməz oldun” kimi mahnıların repertuarımda özəl yer tutur.

Bu şəhərin mənim üçün xüsusi yeri var

-Bir az da Eskişehirlə bağlı fəaliyyətlərinizdən danışın…

-Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin təşkilatçılığı ilə Qaçqınlar Günündə ilk konsertimi məhz Eskişehirdə vermişdim. Ayrıca Eskişehir Yunus Emre yurdu olduğu və mən də Yunus Emre aşiqi olduğum üçün bu şəhərin mənim üçün xüsusi yeri var. Uzun müddətdir ki, Yunus Emrenin sözlərinə yazlmış mahnıları xarici dillərə tərcümə edib ifa edirəm. Ötən aylarda daxili işlər naziri Süleyman Soyludan “Yunus Emre İli Xüsusi Mükafatı”nı aldım. Yaxın vaxtlarda Gənclər və İdman Nazirliyi ilə Eskişehirdə Yunus Emrenin bir neçə fərqli dildə səsləndirdiyim əsəri üçün klip çəkmək istərdim. Bundan başqa digər bir klip üzərində də işləyirik. Vaşinqton meri Muriel Bouzer türk qəhvəsi haqqında məlumatlılığı artırmaq və qəhvəsevər cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə ötən il dekabrın 5-ni Dünya Türk Qəhvəsi Günü elan edib. Ona görə də mən Eskişehir xalq mahnısı “Kahveyi kavururlar”ı dünya dillərinə tərcümə edib burada daha bir klip çəkmək istəyirəm. Türkiyənin ən gözəl şəhərlərindən biri olan Eskişehiri, eyni zamanda çox sevdiyim türk qəhvəsini bütün dünyaya tanıda bilmək qürurvericidir. Hər dəfə Eskişehirə gələndə fərqli bir məkana gedirəm. Bu dəfə Turan Dünyası Eğitim ve Kültür Derneğini, Sazovanı, Türk Dünyası Vəqfini ziyarət etdim. Polis Həftəsini qeyd etmək üçün Eskişehir İl Təhlükəsizlik müdirini də ziyarət etdik.

-Siz həm də vətənpərvər mahnıların müəllifi və ifaçısı kimi tanınırsınız. Bununla bağlı hansı yenilik var?

-Təsəvvür edirsiniz, bu məsələdə də Eskişehir özəlliyi önə çıxır. Keçən il Polis Özel Harekat Marşını oxudum. Bu il isə Eskişehirə səfərimiz həm Ramazan ayına, həm də Polis gününə təsadüf etdi. Bu mənalı günlərdə Çingiz Aytmatov muzey-kafesində, “Tarihi Kum Kahvesi”ndə polislərə və polis mətbuatında çalışanlara qısa konsert verdim. Bu konsertlərdə həmin marşı dəfələrlə ifa etdim. Bu səfərimdə eyni zamanda Türkiye Güçsüzler ve Kimsesizlere Yardım Vakfına dəstək olaraq konsert verdim. Yunus Emre Gençlik Merkezinde ise gənclərlə görüşdük. Polis günündə Eskişehirdəki şəhid polislərin ailələri və qazi polislər üçün təşkil edilən iftar mərasiminə qatılıb mahnılar oxudum.

Mission News Theme by Compete Themes.