Press "Enter" to skip to content

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Tarixi abidələr

Son yeniləmə: 18 Aprel 2022 11:39

Bayraqdar.info – Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Həmçinin, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan edilir. Hər il Azərbaycanda tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş 18 aprel tarixində ödənişsiz olur.

Mədəniyyət Naziriyindən bayraqdar.info-ya verilən məlumatda bildirilib ki, aprelin 18-i saat 12:00-da “Heykəlləri qoruyaq!” şüarı altında təşkil olunan “Təmiz heykəl” adlı layihə həyata keçiriləcək.

““Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkənin ərazisində ucaldılıb Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

““Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri – Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsi, “Azərbaycan” kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və “İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub. Layihəyə 18 aprel 2022-ci il tarixində saat 12:00-da Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə başlanacaq”, – deyə Nazirlik bildirir.

Qeyd edək ki, tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkədə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir.

2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd: Yazıda açıq mənbəlrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.